Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlər vüsət alıb. Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış plan üzrə Mədəniyyət mərkəzinin klub filialları təkcə iyun ayında 100-dən çox musiqili, əyləncəli, mədəni-kütləvi tədbir keçirib. Klub müəssisələri “Palıdlı sahil”, “4 fəsil”, “Dalğa”, “Xan Lənkəran”, ”Qafqaz” və “Xəzər-Palas” istirahət mərkəzlərinə tez-tez qonaq gedir.
Bugünlərdə Lənkəran Heydər Əliyev xatirə parkında təşkil olunan konsertə rayonda olan turistlər də maraq göstəriblər. Konsertdən öncə Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək respublikada turizmin inkişaf etdirilməsi sahəsində görülən işlərdən və şöbənin keçirdiyi tədbirlərdən danışıb.
Konsert proqramında müğənni və instrumental ifaçılar xoş duyğular oyadan mahnılar təqdim ediblər. Mədəniyyət mərkəzinin bədii qiraət ustaları şeirlər söyləyiblər. Mədəniyyət mərkəzinin “Çölləmə” və Girdəni Diyarşünaslıq evinin “Vənəşə” rəqs ansambllarının ifa etdiyi gözəl rəqslər də konsertə əlavə rəng qatıb.
* * *
Qədim tarixə, füsunkar təbiətə malik, zəngin mədəni irsi, ləzzətli mətbəxi ilə tanınan Şamaxı rayonu da bütün fəsillərdə, xüsusilə yayda yerli və xarici turistləri özünə cəlb edir. Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsinə uyğun olaraq təşkil edilən əyləncəli tədbirlər də hər kəsdə böyük maraq doğurur.
Mədəniyyət və Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, Heydər Əliyev parkında rayon sakinləri, yerli və xarici turistlər üçün gündəlik mədəni proqramlar, sərgilər, konsertlər təşkil olunur. İncəsənət ustaları, mədəniyyət müəssisələrinin bədii kollektivləri istirahət mərkəzlərində də olur, müxtəlif sərgilər təşkil edir, konsertlər verirlər.