Mədəniyyət və Turizm Nazirliyinin ilk xarici turizm təmsilçiliyi 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətə başlayıb. Dubay Əmirliyində fəaliyyət göstərən “Atlantis Holidays” şirkəti Körfəz (Fars və ya Ərəb Körfəzi kimi tanınır) ölkələrində Azərbaycan turizmini təmsil edir.
Təmsilçilik yaradıldığı vaxtdan missiyasının öhdəsindən uğurla gəlib. Son 5 il ərzində Azərbaycanın Körfəz ölkələrindən olan turistlərin üz tutduğu əsas istiqamətlərdən birinə çevrilməsi üçün çoxsaylı tədbirlər təşkil edilib. Azərbaycan sənətkarlığını və mədəniyyətini təbliğ edən müxtəlif sərgilərdə, işgüzar turizm üzrə tədbirlərdə iştirak, ərəb ölkələrində yaxşı tanınan beynəlxalq korporasiyalar vasitəsilə Azərbaycanın təbliği, mətbuat konfranslarının keçirilməsi, dövlət səfərlərində iştirak, habelə ərəb ölkələrindən turizm agentlikləri və media nümayəndələri üçün Azərbaycana tanıtım səfərlərinin təşkili bu qəbildəndir.
Ərəb ictimaiyyətində məlumatlılığı və Azərbaycana diqqəti daha da artırmaq üçün təmsilçilik bu il mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı və ölkəmizin turizm sənayesi nümayəndələrinin iştirakı ilə heyətin Doha və Küveytə səfərini təşkil edib.
Təmsilçiliyin ofisi həmçinin BƏƏ höküməti, Dubay Bələdiyyəsi, Dubay Gömrüyü, Səhiyyə Təşkilatı və Media Təşkilatının dəstəyi ilə də davamlı olaraq tədbirlər təşkil edib, BƏƏ-də keçirilən “The Arabian Travel Market” və “ITB Abu Dhabi”, Küveytdə keçirilən “Travel Luxury Show” və Səudiyyə Ərəbistanı Krallığında keçirilən “Trade Fairs Riyadh” kimi sərgilərdə də təmsil olunub.
Təmsilçi şirkətin aktiv fəaliyyəti əsnasında “Al Bayan”, “Al Khaleej”, “Khaleej Times”, “Gulf News”, “Gulf Today” qəzetlərində, “Al Jazeera”, “BBC”, “Rotana”, “Fatafeat”, “Al Arabia” telekanallarında ölkəmizin təbliğatı aparılır.
Bütün bu səylərin, eləcə də Körfəz ölkələrinə münasibətdə viza siyasətində aparılan islahatların nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə son 6 ay ərzində Körfəz ölkələrindən Azərbaycana gəlmiş turistlərin sayında kəskin artım baş verib.