İyulun 19-da Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurasının iclası keçirilib. Elmi Şuranın növbəti iclası “2015/2016-cı tədris ili və 2016/2017-ci tədris ili üçün ştat cədvəlinin təsdiqi”nə həsr olunub.
İclasda çıxış edən ATMU rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanov 2015/2016-cı tədris ilinin universitet üçün uğurlu olduğunu bildirib. Bu il ali təhsil ocağının yaranmasının 10 ilinin tamam olduğunu deyən E.Aslanov yubileylə bağlı tədbirlər planı hazırlandığını və bir sıra layihələrin həyata keçirildiyini, o cümlədən ötən dövrü özündə əks etdirən kitabların çap olunduğunu diqqətə çatdırıb.
Ötən dövrün mühüm layihələrindən biri də Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Azərbaycan Turizm və Menecment Universitetinin bacarıqlarının artırılması” layihəsidir. Bu layihə çərçivəsində artıq bitməkdə olan 2008-2016-cı illər üzrə starteji planın əsasında “ATMU-2020” strategiyasının işlənib hazırlanması prosesinə start verilib.
E.Aslanov qeyd edib ki, başa vurulan tədris ilində universitetdə 3 fakültə, 10 kafedrada 12 ixtisas üzrə bakalavr səviyyəsində 1794 nəfər, magistraturada 13 ixtisas üzrə 113 nəfər, doktoranturada 15 istiqamət üzrə 60 nəfər, ikinci ali təhsildə 39 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində (BTPM) 9 ixtisas üzrə 440 şagird olmaqla bütövlükdə 2446 gənc təhsil alıb. Gələcəkdə Azərbaycan Turizm və Menecment Universiteti, mövcud ixtisaslar qalmaqla və yeni ixtisasların açılması şərtilə beynəlxalq tələblərə cavab verən, beynəlxalq akkreditasiyadan keçən, 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəyə malik aparıcı ali təhsil ocağına çevrilməyi planlaşdırır. Növbəti illərdə tədricən mədəniyyət, idman, təhsil, səhiyyə, tədbirlər və s. sahələrdə menecment ixtisaslarında həm bakalavr, həm də magistr dərəcəsi üzrə kadrların hazırlanması da əsas hədəflərdəndir.
Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, İnsan resursları şöbəsinin müdiri Aftandil Bayramov və universitetin Apelyasiya komissiyasının sədri Qahirə Məmmədova hesabat-məruzələrlə çıxış ediblər.
Elmi Şuranın iclasında iştirak edən struktur bölmələrin rəhbərləri məruzələrdə qaldırılan problemlərə münasibətlərini bildiriblər.

Fariz Hüseynov