“Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəki-Zaqatala iqtisadi rayonunda aqroturizmin və ekoturizmin inkişaf imkanlarının qiymətləndirilməsi adlı layihənin icrasını başa çatdırıb.
May-iyul aylarını əhatə edən layihənin əsas məqsədi Şəki, Qax və Oğuz rayonlarının kənd yaşayış yerlərində aqroturizmin inkişaf imkanlarını qiymətləndirmək və alınmış nəticələrə əsasən, kənd sakinləri arasında bu sahənin inkişafına dair təbliğat və təşviqat işlərinin aparılması olub.
Layihə nəticəsində kəndlərdə aqroturizm sahəsi ilə məşğul olanların qrupu formalaşdırılıb. Təşkilatın digər məqsədi də bu sahənin kəndlərdə inkişaf etdirilməsinə, kənd sakinləri arasında işsizliyin azalmasına və ailə büdcəsi üçün əlavə gəlir mənbəyinin yaranmasına təkan verməkdir.