Qazaxıstanın paytaxtı Astanada türk dünyası ədəbi jurnallarının 5-ci konqresi keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Ukraynanın Krım Muxtar Respublikası, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarından, Şimali Kiprdən alim, yazıçı və şairlər, ədəbi jurnalların baş redaktorları, jurnalistlər iştirak ediblər. Konqresdə ölkəmizi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, qurumun katibi Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təmsil ediblər.
   Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türkdilli xalqlar arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
   Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ötən konqresdə “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” adının Azərbaycan yazıçısı Anara verilməsi haqqında qərar qəbul olunduğunu bildirərək mükafatı Xalq yazıçısına təqdim edib.
   Anar bu yüksək ada görə minnətdarlıq edib, bundan sonra da türk dünyası arasında ədəbi, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.