Yazıçı-publisist Şirməmməd Nəzərlinin yeni kitabları təqdim edildi
   
   Noyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü, yazıçı-publisist Şirməmməd Nəzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. 

   “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin dəstəyi, Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə iştirakçılar əvvəlcə Ş.Nəzərlinin “İşıq gücü” mövzusunda fotosərgisi ilə tanış oldular. Sonra müəllifin “Ömrün qönçə çağında” və “Çəkilməyən film” kitablarının təqdimatı keçirildi.
   Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçı-publisistin yaradıcılıq yolundan danışdı, indiyədək 8 kitabının işıq üzü gördüyünü vurğuladı, təqdim olunan kitablar barədə fikirlərini bildirdi. Qeyd olundu ki, Ş.Nəzərli 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Müxtəlif mətbuat orqanlarında çalışıb, roman, povest, hekayə, ssenari, publisistik yazıların müəllifidir.
   “Akkord” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva, Əfqanıstan Veteranları İctimai Birliyi sədrinin birinci müavini Əbülfəz Hüseynov, Yazıçılar Birliyinin nümayəndəsi Ədalət Əsgəroğlu, Fotoqraflar Birliyinin təmsilçisi Rauf Umud, “Xalq qəzeti”nin redaktor müavini Tahir Aydınoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları çıxış edərək müəllifin fotosərgisi və yeni kitabları barədə fikirlərini bölüşdülər.
   Bildirildi ki, “İşıq gücü” Ş.Nəzərlinin sayca 4-cü fərdi fotosərgisidir. “Ömrün qönçə çağında” kitabında 1979-1989-cu illərdə Sovet İttifaqının Əfqanıstanda apardığı müharibədə həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklər və həmin müharibəyə həsr edilmiş araşdırma materiallar yer alıb. Müəllif Sovet İttifaqının Əfqanıstan siyasətinin təhlilini verir, mülahizələrini konkret fakt və rəqəmlərlə təqdim edir. On illik Əfqanıstan müharibəsində nahaq qurbana çevrilmiş Azərbaycan vətəndaşlarının taleyinə həsr edilmiş oçerklər həm də o dövrün sosial-siyasi ab-havasını əks etdirir.
   “Çəkilməyən film” romanı isə bir kinorejissorun həyatını əks etdirir. Əsərin qəhrəmanı cinayətkarlıqdan mənəvi saflığa doğru ömür yolu keçir. Müəllif xalqımızın həyat və məişətindən hiss olunmadan silinməkdə olan əxlaq normalarını, etik qaydaları, yüksək dini-mənəvi dəyərləri bacarıqla təsvir edir.   

  Ceyhun