İsti yay günlərində bölgələrimizdə dincələnlər arasında xarici qonaqlar da çoxdur. Onlardan biri Londonda yaşayan fransız Gvenn Lainedir. O, Azərbaycan, o cümlədən Şəki haqqında çox eşitsə də, buraya gəlib bu gözəllikləri öz gözləri ilə görməyə üstünlük verib.
“Həyat yoldaşımla birgə xarici ölkələrə səfər etməyi, bu ölkələrin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat toplamağı çox xoşlayırıq. Keçən il Qırğızıstanda olduq. Türk mətbəxini və mədəniyyətini çox sevirik”, - deyə o bildirib.
Şəkidən zəngin təəssüratlarla ayrılacağını söyləyən fransalı turist deyib: “Xan sarayı çox xoşumuza gəldi. Sarayın otaqlarını bəzəyən kompozisiyalar, şəbəkə pəncərələr bizi valeh etdi. Buranın əhalisi də çox qonaqpərvərdir. Rəqs etməyi çox xoşlayıram. Sizin milli rəqslərinizi öyrənmək istərdim”.