İlk milli mirzəmiz Mirzə Şəfi Vazeh ikincilərdən idi
   
   Yazı-pozu adamları əsasən ədəbiyyat “şinel”indən çıxdıqlarından, adətən, məhz bu fənn müəllimlərini xatırlayıb-sevələyirlər. Mənim yadımdasa, bu peşənin “qara fəhlə”liyinə, namus-vicdanlılığına, müdrik sözlərinə, dərsləri daha yaxşı, daha sürətlə mənimsətmək eşqilə hərdən özünü “unudub” yazı taxtasındakı yanlışını qolçağıyla silməsinə və... bu kimi məqamlarda uşaqların ona gülməsinə görə, ən çox kimya müəllimimiz - Bahadır Hacıyev qalıb.
   
   Bu səbəbli gülüşlərin tamamilə bir “ağelədi”sində rəhmətlik Bahadır müəllim qayıtdı ki: “Nəyə gülürsüz, balalarım? Ayaqqabıma gülürsüzsə, bunu tikən fabrikə gülün. Kostyumuma eyhamdırsa, dərziyə gülün. Yox, əgər özümlə əlaqəlidirsə, əstəğfürullah, Allaha gülün” (ki, məni belə yaradıb)!..
   O vaxt mən o məhəlli gülüşün babalından kənar qala bilsəm də, elə həmin illərə təsadüf edən bir ictimai-millisinin günahına batmışam. Belə ki, 60-cı illərin “Ədəbiyyat müntəxəbatı”nda Mirzə Şəfi Vazehin uzun (öz Qarabağ ləhcəmizdə “uzun-şüllək”), şiş papaqlı şəklini görərkən, bəzi şagirdlər kimi, mən də gülmüşdüm. Bizə elə gəlirdi ki, bu papaq sovetlərin bizlərdə nifrət oyatdığı mollaların motal papaqlarının ən gülməlilərindəndir.
   Sonralar daha böyük Mirzəmizin “Molla Nəsrəddin”indəki məlum “aynaya baxmaq” təklifini oxuduq, baxdıq və gördük ki, biz özümüzə gülürmüşük...
   
   Və sən demə...
   
   Heç demə bizim ona güldüyümüz o “savadlı” dövrdən yüz il əvvəl xalq Mirzə Şəfi Vazehi “Gəncəli müdrik” adlandırırmış.
   O, bu xalqın milli Mirzələrindən tək elə biri yox, xronoloji baxımdan götürsək (və adı bizim, dadı Rusiyanın olan Mirzə Kazım bəyi istisna etsək), həm də bu qeyri-rəsmi titulu daşıyanlarımızın ilki imiş. Fətəlidən 18 il, Ələkbər və Cəlildən iki qərinə öncə doğulmuş və bu ada sahib olmuş, ümumxalq dərd-sərimizi, milli halət-ovqatımızı əyan-bəyan etmiş ilk Mirzəmiz!
   Fikrimcə, əgər məlum “alman oğurluğu”nun üstü açılmasaymış, Mirzə Şəfi də - bir az fərqlə (və müqəyyədliklə) - Mirzə Kazım bəy taleyi yaşayacaqmış. Amma yox, çox “ədəbi həngamələr”dən sonra Mirzə Şəfinin dadı da bizim oldu!
   Təkcə ədəbi həngamələrdənmi sonra? Yox, o, dövrün sosial problemlərinin, tale, qəza-qədər məhrumiyyətlərinin də baş qəhrəmanlarından olub.
   Əsrinin ən seçkin şairi olan Mirzə Şəfini bu tale bəlalarının sosialından yerli tacir və insaf-mürvətulla - Hacı Abdulla, ədəbi-bədiiliyindən isə Fridrix adlı canlı bir bəla qurtarıb. Bu canlı bəla o vaxt Rusiya və Qafqaza səyahətə çıxmış əcnəbi - alman ədibi Bodenştedt idi.
   Mirzə Şəfi ömrünə Bodenştedt adlı irfanı “tufan”dan öncə xəfifcə bir ruzi yeli əsdi. Belə ki, əslən gəncəli, ticarətdə əli gətirmiş Hacı Abdulla Bağdada səfərində bir sufi dərvişlə tanış olur, onun fəlsəfi ideyalarının ardıcılına çevrilib Gəncəyə qayıdır və... hələ mədrəsədə təhsil alarkən sufiliklə, Şərqin panteist fəlsəfi fikri ilə maraqlanan Mirzə Şəfi üçün göydəndüşmə bir işığa çevrilir.
   Bağdadlı dərvişdən möhkəm dərs almış Hacı Abdulla Mirzə Şəfiyə qayğı, yardım işində də möhkəm dayanır. O, Şəfinin mərhum Cavad xanın qızı Püstənin idarəsində işə düzəlməsinə vasitəçi olur. Lakin rusların yeni hücumu nəticəsində Uğurlu xanın (Cavad xanın oğlu) Püstə xanımı da götürüb İrana keçməsi və bu yeganə hamisi Hacı Abdullanın vəfat etməsi, üstəgəl, mətbəələrin yaranması ilə xəttatların - “canlı nəşriyyat”ların əməyinin lazımsız bir şeyə çevrilməsi Mirzə Şəfini yenidən məhrumiyyətlər girdabına salır.
   Amma tədqiqatçıların da birmənalı söylədikləri kimi, Şəfini Mirzə Şəfi Vazeh edən ən əsas səbəb elə məhz bu məhrumiyyətlər olur...
   
   Taleyin Tiflis mənzili
   
   Bu mənzildə onu daha böyük bir mirzə - Mirzə Fətəli Axundzadə, ədəbi sehrbaz Fridrix Bodenştedt və nəticə etibarilə bütün Avropada məşhurluq gözləyirmiş.
   1840-cı ildə Mirzə Fətəli Mirzə Şəfinin Tiflisdəki qəza məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o, - 1848-1850-ci illərdə Gəncədə çalışmasını nəzərə almasaq - ömrünün sonuna qədər burada işləyir.
   Mirzə Şəfi Tiflisdə tək elə müəllimliklə kifayətlənmir, azərbaycanlı şagirdlər üçün “Kitabi-türk” adlı dərs vəsaitini yazır. Bu kitabda Mirzə Şəfinin misal gətirdiyi “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilir, əsl müəllifi göstərilmədən təkrar-təkrar nəşr edilir.
   Bodenştedt - Mirzə Şəfi taleyini qarabaqara izləyən bu “ədəbi kabus” - kim idi, axı? Onun əsl kimliyindən öncə, onu bir kimsə etmiş Mirzə Şəfimiz haqda daha bir neçə kəlmə.
   Tiflisdə daha geniş və qaynar mühitə düşən M.Şəfi Gəncə ədəbi qovşağı ilə əlaqəni kəsmir, orada yaratdığı “Divani-hikmət” ədəbi məclisini burada davam etdirir, A.Bakıxanov, M.F.Axundzadə və başqaları ilə ünsiyyət imkanı qazanır. Qarşılıqlı əlaqələr, ədəbi qidalanmalar M.Şəfini daha çox realizə edir; o, Tiflisdə Azərbaycan ədəbi-mədəni mühitinin intişar məntəqəsinə çevrilir və... 1843-cü ildə məlum-məşhur “alman oğrusu” - Fridrix Bodenştedt də bu məntəqəyə qədəm basır.
   Yaşca Mirzə Şəfidən 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə üstün (Almaniyanın üç məşhur universitetini bitirmiş) Bodenştedt Moskvadan Tiflisə gəlib xarici dilləri tədris edərkən Şərq dillərini də öyrənmək fikrinə düşür. Sən demə, taleyi onu dünyanın, hardasa, “məcburiyyət üzündən” bəraətinə də tövsif edilən gödəniyyət oğurluqlarından tam fərqli mədəniyyət oğurluğuna - poeziya plagiatlığına gətiribmiş. Lakin onun bu oğurluğu bizim bir sıra istedad, qabiliyyət doğruluğumuzu da üzə çıxaracaqmış. Yəni Bodenştedtin “Xatirələr”i bizim dilimizin, dilçilərimizin, şairlərimizin çox “dərəceyi-mərtəbə” və mətləblərindən xəbər verir: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.
   Bodenştedtin tanışları müəllim seçimində məhz Mirzə Şəfini - Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük və təkrarsız təcrübəsi olan şairi məsləhət görürlər. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən öncə yazdığı “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..”
   Mirzə Şəfi çox zaman öz şeirlərini də ona diktə edər, hələ “məsum tələbə” dövrünü yaşayan, lakin həm də Tiflis ermənilərilə də bu dildə “xosunlaşıb” onların hal-xoyunu götürən Bodenştedt isə gələcək oğurluq işi üçün o şeirləri dəftərinə köçürərdi.
   Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə - dədə-baba mentalitetimizə rəğmən - özünün “Hikmət açarı” kitabını - başqa sözlə desək, müəlliflik haqqını ona bağışlayır.
   Mirzə Şəfinin həyat və yaradıcılığı uzun, maraqlı (lakin həm də sənədli) bir nağıla bənzədiyindən, bu məqamda “nağılçı dili yüyrək olar” ifadəsini də işlədib, bir çox maraqlı fakt və olayların üstündən keçməli olur, obrazlı bir xitama qol qoyuram. Belə ki, Bodenştedt 1845-ci ildə - Adolf Hitlerin əli Bakının qara qızılından üzüldüyü tarixdən 100 il öncə ələ keçirdiyi qızıl poeziyamız ilə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabda yazırdı: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu. Sənin nəğmələrin bizim qız-gəlinlərin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi”.
   Bodenştedtin həmin tarixədək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri ona bu “müəllifliyi” qədər şan-şöhrət gətirməmişdi. Bu kitab ona heç vaxt, heç zaman gözləmədiyi bir uğur qazandırmışdı. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri” adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir. “Nəğmələr” 1868-ci ildə 6 dəfə, 1876-da 12, elə təkcə Almaniyada isə ümumilikdə 169 dəfə (1922-ci ilədək) nəşr edilir. Hətta Mirzə Şəfi haqqında operetta da yazılır və 1887-ci ildə Almaniyada premyerası olur.
   Bütün bu uğurlar isə sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salır və son nəşrdə özü-özünü “ifşa” da edir; guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıbmış! Həqiqətlərdən xəbərsiz alman və digər Avropa şərqşünaslığı isə Bodenştedtin bu etiraf-bəyanatını qeyd-şərtsiz qəbul edir...
   Bütün yaradıcılıq ömrü qaranlıqlar, çətinliklər, gözlənilməzliklərlə müşahidə olunan bu şairlə bağlı anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə “Mirzə Şəfinin nəğmələri” fars dilindən tərcümələr kimi qələmə verilir. Hətta məşhur Anton Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət musiqi silsiləsi də “Fars nəğmələri” adlanırdı.
   Bütün bunlardan sonra - müəlliflik adı adlara qoyulsa da, özgələr tərəfindən özümüzdəkilərdən artıq çap olunub yayılsa da, sevilib-qiymətləndirilsə də Mirzə Şəfi bizimdir, özümüzündür!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar