Qəbələ rayonunda yeni turizm və idman infrastrukturu layihələri uğurla icra olunur. Avqustun 10-da Prezident İlham Əliyev rayona səfəri zamanı “Qəbələ Qolf Villaları”nın layihəsi ilə tanış olub, işlərin gedişi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
Dəmiraparan çayının sahilində, meşə ilə əhatə olunan dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli ərazidə Qolf kompleksi inşa edilir. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Kompleksdə qolf məşq sahəsi və qolf klubu da azarkeşlərin istifadəsinə veriləcək. Həmçinin hazırda ərazidə inşası sürətlə davam etdirilən “Qəbələ Qolf Villaları” da gələcəkdə qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.
Ərazidə hər birinin sahəsi 600-1000 kvadratmetr olan 66 villanın inşası nəzərdə tutulub. Bu günədək 41 villada hörgü işləri başa çatdırılıb. Hazırda dam örtüyü, qapı-pəncərələr quraşdırılır, elektrik və suvaq işləri görülür. 25 villanın təməli qoyulub və hörgü işləri aparılır. Həmçinin ərazidə 2 ədəd üçmərtəbəli 24 mənzilli yaşayış binası, Spa və əyləncə mərkəzi və uşaq bağçası da mövcud olacaq. Bütün tikililərin qarşısında hovuz inşa edilir və hər birinin həyətyanı sahəsi var.