Turizm mərkəzində “açıq qapı” günü maraqlı məqamlarla yadda qalıb
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində avqustun 20-də təşkil olunan “Şahdağın hədiyyəsi” adlı “açıq qapı” günü maraqlı məqamlarla yadda qalıb.
Çoxsaylı xidmətlərdən yararlanmaq imkanı, müxtəlif yay əyləncələrindən istifadə, canlı musiqi, uşaqlar üçün animatorların şousu kimi xidmətlərin təklif olunduğu tədbirdə əsas məqsəd mərkəzə üz tutan turistlərin əyləncəli və maraqlı bir gün keçirməsinə nail olmaq, eyni zamanda azyaşlı qonaqların zövqünü oxşamaqdır.
Həmin gün mərkəzə üz tutanlar minimal qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanıb, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə ediblər.
Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayan əyləncəli proqram təşkil edilib. Animatorların müşayiəti ilə təşkil olunan xüsusi şou-proqram azyaşlı qonaqların marağına səbəb olub və onların yaddaşında uzun müddət qalacaq.
Həmçinin açıq havada, dağların ətəyində canlı musiqi ilə yanaşı DJ-lərin performansı yaşından asılı olmayaraq hər kəsin zövqünü oxşayıb. “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, keçən ilin avqust ayında təşkil olunan eyniadlı tədbir qonaqların xeyli marağına səbəb olduğundan “Şahdağın hədiyyəsi” adlı “açıq qapı” gününün ənənəvi şəkildə hər il keçirilməsi qərara alınıb.
Məlumat üçün bildirək ki, “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir. Builki yay mövsümündə mərkəzə gələn turistlərin sayı 25 mindən çox olub.