Azərbaycanda kitab mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Xalqımızın mənəvi sərvət xəzinəsində əlyazma kitabların məxsusi yeri var.
   
   Lakin ötən əsrin birinci yarısında əlyazmalara qarşı biganəlik və laqeydlik üzündən milli-mənəvi sərvətimizin böyük bir hissəsi müxtəlif bəhanələrlə məhv edilib. 1924-cü ildə xalqın yazılı irsinin şüarçılıqla sıradan çıxarılmasına ziyalılar öz etirazlarını bildirir. Bu haqlı etiraz nəzərə alınır və I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin, qədim çap kitablarının bir yerə toplanması haqqında qərar qəbul edilir. 1929-cu ildən həmin qərara əsasən toplanmış nümunələr Azərbaycanı Öyrənmə Cəmiyyətində mühafizə edilir. Sonralar akademiyanın müxtəlif müəssisələrində saxlanılır. 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü ilə Respublika Əlyazmalar Fondu (RƏF) yaradılır.
   Günümüzə qədər gəlib çatan ən qədim əlyazma kitabımız Təbərinin “Quranın şərhi” əsəridir. Kitabın üzü 1220-1225-ci illərdə köçürülüb. Hazırda həmin əlyazma kitabı Parisdə, Fransa Milli Kitabxanasındadır. XIII əsrdə üzü köçürülən əlyazma kitablarından Nizami Gəncəvinin “İskəndərnamə”si (1233) Tehranda şəxsi kitabxanada, “Sirlər xəzinəsi” (1239) Londonun “İndia Offis” kitabxanasında, Xətib Təbrizinin “Şərhi-divani-həman” (1256), Ələddin Cüveyninin “Monqol tarixi” (1290) və İbn Behtuşinin “Mənəfil əl-heyvan” (1297-1298) kitabları dünyanın digər kitab xəzinələrində saxlanılır.
   Sonrakı dövrlərdə də Azərbaycan müəllifləri tərəfindən yaradılan elmi və bədii əsərlərin əlyazma nüsxələri dünyanın bir çox kitab xəzinələrinin qiymətli sərvətinə çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünya kitabxanaları və muzeylərində Nizami Gəncəvinin “Xəmsə”sinin 792, Füzulinin əsərlərinin isə 800-ə qədər nüsxəsi qorunub saxlanılır. Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biri olan “Kitabi-Dədə-Qorqud” dastanı XV-XVI əsrlərdə yazıya köçürülüb və ən nadir nüsxələri Drezden, Vatikan kitabxanalarındadır.
   Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı isə görkəmli alim Nəsrəddin Tusinin “Təhriri Öqlidis” əsəridir. Kitab 1594-cü ildə Roma şəhərində “Mediçi” mətbəəsində ərəb dilində çap olunub. 1657-ci ildə isə latın dilinə çevrilərək bir daha Londonda nəşr edilib. Azərbaycan kitabının mətbəə üsulu ilə xarici ölkələrdə çapı sonrakı dövrlərdə də davam etdirilib. XVII əsr tarixçisi Oruc bəy Bayatın “İranlı Don Juanın kitabı” İspaniyanın Valyadolid şəhərində (1604), İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi fransız dilində Varşavada (1835), Abbasqulu ağa Bakıxanovun “Qanuni-qüdsi” əsəri fars (1831) və rus (1844) dillərində Tiflisdə, Mirzə Kazım bəyin “Türk-tatar dillərinin qrammatikası” əsəri Kazan (1839) və Sankt-Peterburqda (1846), Nəsrəddin Tusinin “Əxlaqi-nasiri” əsəri Bombeydə (1851), Mirzə Şəfi Vazehin şeirlər kitabı Berlində (1851) çap olunub.
   Bütün bunlarla bərabər, respublikada yazılı abidələr üzərində uğurlu araşdırmalar da aparılıb. Keçən əsrin 50-80-ci illərində Əlyazmalar İnstitutunda Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simalar çalışıb. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının əsası qoyulub. “Kitabi-Dədə Qorqud”un mətni, Xaqani Şirvani, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşudbanu Natəvan və başqa klassiklərin irsi öyrənilib, əsərləri nəşr olunub.
   Hazırda AMEA-nın Əlyazmalar İnstitutunda orta əsrlərin Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Türk, cığatay, fars, ərəb və başqa dillərdə altmış minə yaxın sənəd toplanıb. Onlardan on bir mindən çoxu qədim əlyazma əsərləridir. Bu mətnlər orta əsrlərin tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya elmləri haqda məlumat verir. İnstitutda saxlanılan 3 əlyazması UNESCO-nun əlyazmalar irsinə daxil olub. Burada ən dəyərli sənət incilərindən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”nin 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüş nüsxəsidir. Əlyazma ona görə dəyərlidir ki, Dust Məhəmməd əsərin o dövr üçün ən qədim nüsxəsini əldə edərək üzünü köçürüb. Mətn XV əsrdə geniş yayılan nəstəliq xətti ilə yazılıb. Hər bir şeirin başlığı parlaq rənglərlə və qızılı naxışlarla, kitab özü isə miniatürlərlə bəzədilib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar