Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qusarın turist xəritəsi hazırlanıb.
Rayona səyahət edən turistlər bu xəritə vasitəsilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, rayonda fəaliyyət göstərən mehmanxanalardan və “Şahdağ” Turizm Mərkəzindən əldə etmək mümkündür.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Xaçmaz, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.