“Azərbaycan və Türkiyə digər ölkələrdə turizm potensialının tanıdılması üçün birgə tədbirlər görəcək”

“Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, ortaq tarixə, mədəniyyətə malikdir. Biz iki qardaş ölkə kimi hər zaman bir yerdə olmuşuq. Bu siyasət bundan sonra da yüksələn xətlə davam etdiriləcək”.

Bu sözləri sentyabrın 27-də ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı jurnalistlərə müsahibəsində bildirdi. Dünya Turizm Günü münasibətilə Bakıda keçirilən “Multikultural cəmiyyət və turizm” mövzulu dəyirmi masada iştirak edən türkiyəli nazir fürsətdən istifadə edərək paytaxtda bir sıra mədəniyyət ocaqlarına da baş çəkəcəyini dedi.
O, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan dəyirmi masanın mövzusunun bugünkü dünya üçün çox əhəmiyyətli və aktual olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanda mədəniyyətlərarası dialoqa və multikulturalizmə olduqca böyük önəm verilir. Türkiyə də bu istiqamətdə geniş fəaliyyətə malikdir. 2004-cü ildə Türkiyə və İspaniya baş nazirləri tərəfindən irəli sürülən mədəniyyətlərarası ittifaq təşəbbüsü əsasında hazırda Sivilizasiyalar Alyansı yarandı: “BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun builki toplantısı da Bakıda çox uğurla keçdi. BMT-nin üzvü olan 145 ölkə bu hərəkata qoşulub. Amma bunlara baxmayaraq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir sıra ölkələrdə islamafobiyanın geniş yayıldığını görürük”.
Nabi Avcı iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycanın turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün hər cür dəstək göstərməyə hazırıq: “Son illərdə Azərbaycanda turizm sahəsində böyük irəliləyiş əldə olunub. Gələcəkdə turizm əlaqələrindən böyük gözləntilərimiz var. İnanıram ki, Azərbaycan və Türkiyə arasında səfər edən turistlərin sayı daha da artacaq, qarşılıqlı əməkdaşlıq davam edəcək. Yaxın gələcəkdə Azərbaycan və Türkiyə digər ölkələrdə turizm potensialının tanıdılması üçün birgə tədbirlər görəcək. Biz bütün sahələrdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk. Əminliklə deyə bilərəm ki, iki ölkə arasında turizm sahəsində də əməkdaşlığın perspektivləri böyükdür”.
Nazir son vaxtlar Türkiyədə baş verən hadisələrin ölkə turizminə təsirindən danışaraq bildirdi ki, Türkiyə dünyanın müxtəlif ölkələrindən olan turistlərin seçdiyi əsas istiqamətlərdən biri olaraq qalır. Hazırda Türkiyə dünya turistlərinin ən çox səfər etdiyi 6-cı böyük turizm ölkəsidir.

Fariz Hüseynov