Böyük Britaniyanın Səyahət Agentlikləri Assosiasiyasının (ABTA) ölkələr üzrə hər il nəşr etdiyi turizm bələdçi jurnalında Azərbaycana da yer verilib.
Jurnalda xüsusi diqqətçəkən məqam Bakı şəhərinin 2016-cı il üzrə turizm baxımından xüsusi irəliləyişə nail olan və yaxşı perspektiv vəd edən 10 ən aparıcı şəhər sırasına daxil edilməsidir. Bu siyahıda ikinci yerdə göstərilən Bakının qədim və müasir memarlıq nümunələri haqqında məlumat verilir, son illərdə şəhərin ev sahibliyi etdiyi mədəniyyət və idman tədbirlərindən bəhs edilir.
1950-ci ildə təsis edilmiş ABTA Böyük Britaniyanın tur operatorlarını və səyahət agentliklərini özündə birləşdirən ən böyük assosiasiyadır. ABTA-nın nəşr etdiyi “Country by Country” turizm bələdçi kitabçasından assosiasiyanın üzvü olan tur operatorları, səyahət agentlikləri və britaniyalı turistlər istifadə edir.