Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə bağlı müxtəlif layihələr həyata keçiriləcək

Əlverişli coğrafi şəraitə, təbii sərvətlərə, ən əsası isə, çoxəsrlik multikulturalizm ənənələrinə və tolerantlıq mühitinə malik Azərbaycanda zaman-zaman müxtəlif xalqların nümayəndələri məskən salıb. XIX əsrin əvvəllərində Avropadan, Vürtemberq krallığından köç edərək Azərbaycanda məskunlaşan alman icmasını da bu yerlərə gətirən həmin özəlliklər idi. 2017-ci ildə Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycan ərazisinə almanların köçməsinin 200 ili tamam olur.

Almaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə bu tarix UNESCO-nun yubileylər proqramına salınıb. Həmçinin Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.
1817-1818-ci illərdə Vürtemberq vilayətindən olan alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə imperiyanın cənubuna - Qafqaza köçürülərək Azərbaycan və Gürcüstan ərazilərində məskunlaşdırılıb. 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki Göygöl şəhəri) salınıb. Sonrakı illərdə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonları ərazisində Annenfeld, Qeorqsfeld, Qrünfeld, Eyqenfeld, Traubenfeld və s. yaşayış məntəqələri yaranıb.
1939-cu ildə əhalinin siyahıyaalınması zamanı məlum olub ki, Azərbaycanda 23 minə yaxın alman yaşayır. Lakin 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlayandan sonra Volqaboyu, Krım və Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan almanlar Qazaxıstan və Sibirə deportasiya olunublar. Ötən əsrin 50-80-ci illərində isə alman icmalarının çoxu sovet ölkəsini tərk edərək tarixi vətənlərinə qayıdıblar.
Bu gün Azərbaycanda alman məskənləri, o cümlədən Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri, burada yaşamış almanların evləri və s. tikililər qorunub saxlanılır.

Muzeylər yaradılacaq, film çəkiləcək

Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubiley tədbirləri çərçivəsində bir sıra layihələrin icrası nəzərdə tutulur. Onlardan biri də Azərbaycan və Gürcüstandakı alman irsi haqqında filmin çəkilməsidir. Çəkilişlərin aparılması məqsədilə alman kinorejissoru Fridhelm Brükner və həmkarları bugünlərdə Gürcüstanda və Azərbaycanda olublar. Mədəniyyət və Turizm Nazirliyində qonaqlarla görüş keçirilib, filmin çəkilməsi ilə bağlı müzakirələr aparılıb. Yubiley tədbirləri çərçivəsində, eyni zamanda Gədəbəy rayonunda “Simens qardaşları” muzeyi, Göygöldə qədim alman evləri üslubunda hotelin, Alman irsi muzeyinin (Göygöldə 2006-cı ildə vəfat etmiş sonuncu alman Viktor Klaynın ev-muzeyi əsasında), Şəmkirdə alman irsi mərkəzinin yaradılması planlaşdırılır.

“Azərbaycanda alman məskənləri” turizm marşrutu

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə ölkənin turizminin dünya turizm bazarına inteqrasiyası yolunda müxtəlif layihələr həyata keçirilir. Nazirliyin, Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Azərbaycanda alman məskənləri” adlı turizm marşrutu üzrə layihənin reallaşdırılması istiqamətində də müəyyən işlər görülür. Yeni turizm marşrutunun 2017-ci ildə almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi münasibətilə keçirilən yubiley tədbirləri çərçivəsində təqdim olunması nəzərdə tutulur.
Turizm marşrutuna Gəncə şəhəri, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları daxil ediləcək. Almanların Azərbaycanda inşa etdikləri bir sıra tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunacaq.

Fariz Hüseynov