12-14 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində “Səhiyyə və tibbi turizm 2016” (“Health&Medical Tourism 2016”) adlı sərgi keçirilib. Beynəlxalq sərgiyə 12 ölkədən 150-dək iştirakçı qatılıb.
Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının üzvləri (“Naftalan Qaşaltı”, “Çinar Naftalan”, “Yengicə” (Qəbələ), “Qalaaltı” (Şabran), “Duzdağ” (Naxçıvan) sağlamlıq turizmi müəssisələri) iştirak ediblər.
“Expoforum” sərgi mərkəzində keçirilən açılış mərasiminə qatılan Sankt-Peterburqun vitse-qubernatoru Olqa Kazanskaya və Səhiyyə komitəsinin sədri Valeriy Kolabutin Azərbaycan stendində kurort təsislərimiz tərəfindən təqdim olunan təkliflərlə yaxından tanış olublar. Rəsmilər ölkəmizdə müalicəvi turizmin xeyli inkişaf etdiyini və geniş imkanlara malik olduğunu qeyd ediblər.
Ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da milli stendimizi ziyarət edib və “Azərbaycanın sağlamlıq turizmi imkanları” adlı seminar-təqdimat mərasiminə qatılıb.
Tədbirdə çıxış edən baş konsul Azərbaycanda ən müasir səhiyyə və turizm təsislərinin fəaliyyət göstərdiyini və Naftalan kurortunun uzun illərdir dünyada tanındığını qeyd edib. Azərbaycanda səhiyyə və turizm sahələrinin sürətlə inkişaf etdiyini bildirən S.Qasımov bu istiqamətlərdə əldə olunan nailiyyətlərin ölkə başçısının həyata keçirdiyi islahatların nəticəsi olduğunu deyib.
Rusiyalı turistlərin Azərbaycana cəlb edilməsi zərurətinə diqqət çəkən diplomat ölkəmizin turizm təmsilçilərinə uğurlar arzulayıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev göstərdiyi dəstəyə görə Sultan Qasımova və baş konsulluq əməkdaşlarına təşəkkürünü bildirib, Sankt-Peterburq vilayətinin Azərbaycan üçün sağlamlıq turizmi xarakterli səfərlərin təşkili baxımından əlverişli bazar olduğunu vurğulayıb.
Sərgi boyunca ölkəmizin müalicəvi turizm potensialını təqdim edən stendə maraq yüksək olub. Tədbir çərçivəsində Azərbaycanda müalicəvi turizm mövzusuna həsr edilmiş təqdimat keçirilib. Təqdimatda çıxış edən “Naftalan Qaşaltı”, “Çinar Naftalan”, “Qalaaltı”, “Duzdağ” və “Qafqaz Yengicə” hotellərinin nümayəndələri bu müəssisələrin fəaliyyəti, xidmət növləri və müalicəvi xüsusiyyətləri barədə danışıblar.