Payız ölkəmizdə və paytaxt Bakıda mədəniyyət və incəsənət layihələri, müxtəlif tədbirlərlə zəngin mövsümdür. Bu ilin payızı da istisna deyil. Oktyabrın son günlərində yekunlaşan caz festivalının ardınca paytaxtımız beynəlxalq teatr konfransına ev sahibliyi edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun noyabr sayında da bu və digər tədbirlər, ölkəmizin mədəni həyatında baş verən yeniliklər, eləcə də paytaxt sakinlərinin və qonaqların diqqətini çəkəcək hadisələr barədə dolğun yazılar, informativ materiallar yer alıb.
“Bakı yenə dünya cazmenlərini bir araya toplamışdı” başlıqlı məqalə 22-30 oktyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı baş tutan ənənəvi festival haqqındadır. “Unudulmaz melodiyaların doğulduğu ev” adlı məqalə də caz musiqisi ilə bağlıdır. Yazıda virtuoz ifaçı, əfsanəvi cazmen Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyindən, həyat və yaradıcılığından söz açılır.
Azərbaycan əlverişli təbii-coğrafi şəraiti ilə hər zaman turistləri cəlb edən ölkədir. Bələdçi kataloqunun yeni sayındakı “İlin bütün fəsillərində - dünyanın hər yerindən” başlıqlı məqalə də bu barədədir. Yazıda ilin ötən dövrünün turizmlə bağlı göstəricilərinə nəzər salınır, xarici qonaqların ölkəmizə artan marağından bəhs olunur.

Paytaxtımızda yaradılan yeni istirahət guşələri də diqqətdən kənarda qalmayıb. “Qızılgül bağı” və “Sevirəm” parkından fotoreportaj "Baku Guide" oxucularına təqdim edilir.
Payız təkcə məhsul yığımının deyil, həm də bununla bağlı dünyanın əksər ölkələrində keçirilən bayram, yarmarka və festivalların mövsümüdür. Payız festivalları mövsümlərarası qısa məzuniyyət və ya həftəsonu istirahət üçün əla fürsətdir. Belə tədbirlər turistlərə yerli ənənələrlə tanış olmaq və dadını uzun müddət unutmayacaqları bayram havasını yaşamaq imkanı verir. Azərbaycanın regionlarında da turistlərin diqqətini çəkən bayramlar, festivallar keçirilir. “Dadı unudulmayan bayramlar” başlıqlı məqalədə bu barədə ətraflı söhbət açılır, “Şəki - “Türk dünyasının mədəniyyət paytaxtı” başlıqlı məqalədə isə oxucular qədim şəhər haqqında məlumat ala biləcəklər. Yazıda Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə bağlı tədbirlər və təəssüratlara yer verilib.
“Azərbaycan mətbəxi” rubrikasında isə bu dəfə əcnəbi oxucular milli mətbəximizin daha bir dadlı nümunəsi - nar qovurmasının hazırlanma qaydası ilə tanış olacaqlar.
Azərbaycanda “Tax free” sisteminin tətbiqi ilə bağlı yazıda ölkəmizə səfər edən qonaqlara bu sistemin üstünlükləri, şərtləri barədə məlumat verilir.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Baku City Tour”, turun marşrut və dayanacaqları, yaradılan şərait və göstərilən xidmətlərlə bağlı da məlumat turistlər üçün maraqlı olacaq.
Ənənəvi olaraq bələdçi kataloqunun bu sayında noyabr ayı üzrə paytaxtın teatr və konsert müəssisələrinin, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası da Azərbaycan və ingilis dilində oxucuların ixtiyarına verilib. “Turistlər üçün informasiya” bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin, turizm agentlikləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.