Ölkəmiz Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilib

Oktyabrın 31-də Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 104-cü sessiyası işə başlayıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, İnformasiya və ictimaiyyətlə əlaqələr, Turizm şöbələrinin əməkdaşları Türkan Rüstəmova, Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.
Sessiyanın proqramına 2016-cı ildə turizm sahəsində meyllər və fəaliyyətlər, turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər üzrə görüləcək işlərin ümumi proqramı, büdcə ilə bağlı Komitənin hesabatı, təşkilatın Baş katibinin hesabatı, İcraiyyə Şurasının 104-cü sessiyasının qərarlarına baxılması, o cümlədən, 2017-ci ildə Şuraya sədrlik məsələləri salınmışdı.
Tədbirdə Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri, səfirləri və yüksək vəzifəli şəxsləri iştirak edir.

Mədəniyyət və turizm naziri sessiyada çıxış edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyasında çıxış edib. Nazir çıxışında Azərbaycan nümayəndə heyəti adından yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə ev sahibi ölkəyə təşəkkürünü bildirib.
Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizmin əhəmiyyətli rol oynadığını vurğulayan nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verib, viza prosedurunun sadələşdirilməsindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 % artımın olduğunu diqqətə çatdırıb.
Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin əhəmiyyətindən danışaraq 2017-ci ilin aprelində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında da məlumat verib.

Qeyd olunub ki, 2017-ci il dünyada “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.
Nazir çıxışında Azərbaycan Respublikası Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqətdən bəhs edərək 2016-cı ilin 1 sentyabr tarixində turizmin inkişafına dair imzalanmış sərəncamın əhəmiyyətini və sentyabr ayının 27-nin Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı elan edilməsini xüsusilə vurğulayıb.

Azərbaycan 2017-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına sədrlik edəcək

Sessiyada Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına 2017-ci ildə sədrliklə bağlı məsələyə də baxılıb. Azərbaycan sədrliyə öz namizədliyini təqdim edib və aparılmış danışıqlar nəticəsində üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib. Beləliklə, ölkəmiz gələn il turizm dünyasının bu mötəbər qurumuna rəhbərlik edəcək. İcraiyyə Şurasına sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.
Bununla bağlı Azərbaycan adından sədr qismində çıxış edən nazir Əbülfəs Qarayev sədrlik müddətində Dünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
Azərbaycanın Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan Dünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərin Azərbaycana olan etibarının göstəricisidir.


Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit

Noyabrın 1-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası işini başa vurub. Yekun iclasda qurumun Baş katibliyinin və Proqram və Büdcə komitəsinin hesabatları, 2018-2019-cu illər üzrə Ümumi iş proqramı, eləcə də Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi və digər məsələlər haqqında qərarlar təsdiq edilib.
İclasın ardınca Dünya Turizm Təşkilatının "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" işə başlayıb.
“Şəhərlər: qlobal səyahətlər üçün yerli mədəniyyət” devizi altında keçirilən sammitin açılışında Baş katib Taleb Rifai, Misirin turizm naziri Yehia Raşed, Luksor şəhərinin qubernatoru Muhamed Sayed Bedr və Dünya Turizm və Səyahətlər Şurasının prezidenti David Skousil çıxış edib.
Sonra "Perspektivlər və çətinliklər" mövzusunda şəhər turizmi üzrə yüksək səviyyəli panel iclası keçirilib.
İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişaf perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemləri haqqında danışıb.
Şəhər turizmində davamlı və hərtərəfli inkişafa nail olmaq məqsədilə hansı işlərin görülməli olduğunu qeyd edən nazir, bu növ turizmin multifunksional təbiətinin çox dəqiq planlaşdırma və idarəetməyə ehtiyac yaratdığını vurğulayıb.
Əbülfəs Qarayev ölkəmizin paytaxtında, eləcə də digər böyük şəhərlərdə bu növ turizmin planlaşdırılması və gələcək perspektivlər, bu sahə üzrə inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı söz açıb.
İclas şəhər turizmi mövzusu ətrafında müvafiq müzakirələrlə davam edib.
"Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit" işini noyabrın 2-də davam etdirəcək.