Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının “Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit”i başa çatıb

Xəbər verdiyimiz kimi, 1-2 noyabr tarixində Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) “Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit"i keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Sammitin birinci günü "Perspektivlər və çətinliklər" mövzusunda panel iclası keçirilib. İclasda çıxış edən Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişaf perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemlər haqqında danışıb.
Sammitin ikinci günü panel iclasında Azərbaycanın mədəniyyət və turizm naziri moderator qismində çıxış edib.
"Şəhər turizminin inkişafında mədəniyyətin rolu" mövzusunda keçirilən panel iclasında mədəni turizm, eləcə də maddi və qeyri-maddi irs elementlərinin şəhər turizmində rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Panel iclasının açılışında çıxış edən nazir Əbülfəs Qarayev mədəniyyət və şəhər turizmi arasındakı münasibətlərdən, mədəni elementlərin turizmin inkişafında istifadə edilməsi yollarından, eləcə də ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıb.
Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsindən bəhs edən nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib və panel iclasının iştirakçılarını, eləcə də tədbirin qonaqlarını foruma dəvət edib.
Həmin gün "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit" öz işini başa çatdırıb.
Xatırladaq ki, sammitdən öncə, 31 oktyabr - 1 noyabr tarixlərində Misirin Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan 2017-ci il üzrə İcraiyyə Şurasının sədri seçilib.