Sentyabrın 21-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi “Azərbaycan rəssamlarının avtoportretləri” adlı sərginin açılış mərasimi keçirildi. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin iştirakçılarda böyük maraq yaradacağına əminliyini bildirdi.
   
   Nazir müavini vaxtaşırı keçirilən sərgilərdə bu əsərlərin qismən nümayiş etdirildiyini, onların böyük bir hissəsinin uzun illər rəssamların emalatxanalarında saxlanılaraq sərgilərə çıxarılmadığını vurğuladı. O, sərginin təşkilinin yerli rəssamların avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi daşıdığını bildirdi.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında sərginin təşkilinin əhəmiyyətindən danışdı. Avtoportret sərgisinin təşkilinin əhəmiyyətindən danışan rəssam belə sərgilərin keçirilməsinin artıq bir ənənəyə çevrilməsinin vacibliyini bildirdi. “Portret elə bir janrdır ki, orada rəssam xarici görkəmi ilə yanaşı, daxili aləmini əks etdirir. Mən düşünürəm ki, yerli rəssamların çəkdikləri avtoportretlər iştirakçılarda kifayət qədər maraq yaradacaq”.
   Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak etdi. Nazir əsərləri sərgilərdə nümayiş olunan rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
   Qeyd edək ki, sərgidə azərbaycanlı rəssamların portret, rəngkarlıq, qrafika, avanqard janrlarında 160-dan artıq əsəri nümayiş etdirilir. Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı digər rəssamların əsərlərinin yer aldığı sərgi sentyabrın 25-dək davam edəcək.   

   Ceyhun