Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi UNESCO-nun təşkilati dəstəyi ilə oktyabrın 17 -dən 21-dək Bakıda “İçərişəhər irsinin konservasiyası və inkişafında “tarixi şəhər landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirəcək.
   
   UNESCO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları və müvafiq sahələr üzrə ixtisaslaşan ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya, Avstraliya və s. ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər seminarda iştirak etmək üçün Bakıya səfər edəcəklər. Seminarda İçərişəhərin konservasiyası üzrə Baş (Master) Planın müəlliflərinin, həmçinin bir neçə yerli memarın da iştirakı gözlənilir. Tədbirin nəticəsi olaraq İçərişəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə UNESCO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə şəhərin inkişaf strategiyası hazırlanacaq.
   Beynəlxalq seminar İçərişəhərin qorunması, təbliği və inkişafına yönəlmiş tədbirlər sırasına daxildir. Bu ilin ötən dövründə İçərişəhərdə yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə xarici ekspertlərin iştirakı ilə üç seminar təşkil olunub.