Şair sadəcə təbiəti təsvir etmir, onun ecazkarlığını və müqəddəsliyini göstərir, insanlara gerçəkliyə inam hissi aşılayır. Real gözəlliyi mənəvi sərvət kimi vəsf edir. Məhəbbəti, dostluğu, mehri və ülfəti müqəddəsləşdirir... Cabir Novruzun coşqun, duyğulu və narahat şeirlərində oxucu uşaqlığın, sevgi və mehrin ilkin mənasına qayıdır...
   
   Cabir Mirzəbəy oğlu Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əvvəl M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumuna, 1952-ci ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək məqsədilə Moskvaya - Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. 1957-ci ildə təhsilini başa vurub vətənə dönür. 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi fəaliyyətə başlayır. 1967-1970-ci illərdə “Azərbaycan” jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışır. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olur...
   Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edib, oxucuların dərin məhəbbətini qazanıb.
   
   İtiləyin sevgiləri, ilhamları,
   Ey dünyanın adamları!
   Tək yaşamaq istəmirəm özüm üçün,
   Anam üçün, oğlum üçün, qızım üçün.
   İstəmirəm, tək elimdə kömək olum,
   İstəyirəm, milyonlara gərək olum,
   Ölkələrə gərək olum!
   
   Əsl vətəndaş olmaq, insan kimi yaşamaq-şairliyin əzəli və əbədi keyfiyyətidir. Elə buna görə də Cabir Novruz həmişə narahat görünüb. Ürəyindən “bütün sevgilərin meridianları” keçib, dünyəvilik qazanıb:
   
   Dünyada nə olsa ürəyimdədir,
   Bir insan sevinsə, bir gül açılsa.
   Bir ömür məhv olsa, bir ev uçulsa,
   Bir güllə atılsa ürəyimdədir.
   
   Cabir Novruzun ilk şeirlər kitabı “Mənim muğamatım” adlanır. Bu kitab Cabirin sənət yolunda ilk uğurlu addımı olur. Balaca bir kitabda “Vətən”, “Zamanın səsi”, “Anam Qızılgül”, “Gecə qatarlar keçər”, “Mənim muğamatım” kimi saf şeirlər - büllur çeşmələr qaynayıb. Məhəmməd Füzulinin yubiley günlərində maraqla qarşılanan “Füzuli” şeirində Cabir qətiyyətlə deyir:
   
   Uçdu Kərbəlaya xəyal atımız,
   Keçdi ocağımız, söndü odumuz.
   Yanıb nalə çəkdi muğamatımız,
   Tellərin sədası düşdü hər yana:
   Gətirin şairi Azərbaycana!
   
   O, bir müddət sonra respublikanın mədəniyyət və incəsənət nümayəndələri ilə bərabər Kərbəla şəhərində olur. Füzulinin hüzurunda baş əyir, “Salam, Füzuli babam!” - deyir.
   Uzaq-uzaq ölkələrə səfərlər, səyahətlər Cabir Novruzu Vətənə daha möhkəm tellərlə bağlayıb:
   
   İnsan Vətənində böyükdür ancaq!
   Bu həm adi, həm də ali həqiqətdir!
   Müxtəlif illərdə “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Bir dünyam var”, “Nə qədər ki, sağam” kitabları çap olunub. Bu şeirlər, poemalar onun yuxusuz gecələrinin, ağır zəhmətinin şirin bəhrələri olub. Doğrudan da, bu görkəmli şairin şeir və nəğmələrindən könüllərdə yaxşılıq cücərib, nəciblik boy atıb, ucalıb. Bəşəri ideyalar, qayğılar özünə yer edib:
   
   Tökün silahları yerə, ağalar,
   Kəsin alovları, kəsin odları.
   Əzib tüfəngləri, pulemyotları,
   Verin saman kimi yelə, ağalar!
   
   Oxucular, dinləyicilər qarşısında o, həmişə gur səslə, inamla çıxış edib. Ondan tez-tez “İnsan məhəbbəti”, “Sağlığında qiymət verin insanlara”, “Maralgöl sükutu” şeirlərini oxumasını xahiş ediblər. Doğrudan da, “Sağlığında qiymət verin insanlara” şeiri Cabir Novruzun humanist fikir və düşüncələri baxımından çox ibrətamizdir:
   
   Bu sözlərim düz olmasa töhmət edin,
   Sizdən rica eyləyirəm milyon kərə:
   Şairlərə sağlığında hörmət edin,
   Sağlığında heykəl qoyun ölməzlərə.
   
   Onun poetik yolu “müqəddəs tufanlardan” keçə-keçə, “misralardan qanad taxıb uçaraq” irəliləyib, təsdiq və etiraf olunub. Məhz buna görə də Cabir Novruz poeziyası doğmadır və qəlbəyatımlıdır... Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
   Cabir Novruz yaradıcılığı xalqa vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Poetik təfəkkürü lirikasının tarixiliyini qüvvətləndirib və bu poeziyanı daha rəvan edib. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilib. Bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
   O həm də ictimai xadim kimi tanınıb. Ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub. Xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Məhz buna görə də şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib, Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Xalq şairi ömrünün müdrik çağında, 2002-ci il dekabrın 12-də vəfat edib.
   
    Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar