Noyabrın 17-də Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində və Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgərlərimizin görüşünə gedərək rəngarəng konsert proqramı ilə çıxış edib.
   Görüşdə çıxış edən mədəniyyət və turizm şöbəsinin müdiri İlqar İlyasov rayon rəhbərliyinin salamlarını və təbriklərini hərbçilərə çatdıraraq bildirib ki, bütün Azərbaycan xalqı hər zaman Silahlı Qüvvələrimizə güvənir, hərbçilərimizlə fəxr edir: “İnanırıq ki, hərbçilərimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və qorumağa qadirdir. Biz mədəniyyət işçiləri isə istər ön cəbhədə, istərsə də arxa cəbhədə xidmət edən hərbçilərimizin görüşünə getməyi və maraqlı konsert proqramları ilə onların qarşısında çıxış etməyi özümüzün vətəndaşlıq borcu hesab edir və bundan qürur duyuruq. Hərbçilərimizdə olan bugünkü əzmkarlıq bizi hədsiz dərəcədə sevindirir”.
   Tədbirdə Laçın şəhər 1 və 2 saylı musiqi məktəblərinin, Ərdəşəvi kənd uşaq musiqi məktəbinin kollektivlərinin təqdim etdiyi mahnılar hərbçilərimiz tərəfindən alqışlarla qarşılanıb. Sonda xidmətdə fərqlənən bir qrup hərbçiyə rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
   Xatırladaq ki, Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi bundan öncə Ağdam bölgəsindəki N saylı hərbi hissədə görüş keçirmişdi.
   
   Qətibə Abdullayeva