L. və M.Rostropoviçlərin ev-muzeyində xarici diplomatların xanımları ilə görüş
   
   Fəaliyyət göstərdiyi illər ərzində L. və M.Rostropoviçlərin ev-muzeyi gördüyü işlərlə, təşkil etdiyi tədbirlərlə nəinki Azərbaycanda, eyni zamanda ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınır. Bakıda səfərdə olan bir sıra xarici dövlət rəsmiləri, incəsənət xadimləri məmnuniyyətlə muzeydə qonaq olurlar, burada keçirilən tədbirlərdə iştirak edirlər. 
      
   Fevralın 9-da ATƏT-in Bakı ofisinin dəstəyi ilə ATƏT, UNİCEF, BMT-nin Bakıdakı nümayəndəliklərinin rəhbərlərinin xanımları, ABŞ səfirliyinin nümayəndəsi A.Sterlinq, Moldova və Norveç səfirlərinin xanımları muzeyimizə təşrif buyurmuşdular. Qonaqları muzeyin direktoru Şeyla Heydərova qarşıladı. Muzeyin kiçik elmi işçisi R.İbazadə ingilis dilində gələn qonaqlara ekskursiya keçdi. Muzeylə tanışlıqdan sonra qonaqlar Mstislav Rostropoviçin həyat və yaradıcılığı ilə bağlı yeni və maraqlı faktlar öyrəndiklərini bildirdilər. Ekskursiyadan sonra qonaqlara maraqlı konsert proqramı nümayiş etdirildi.
   Konsertdə BMA-nın IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, M.Rostropoviç təqaüdçüsü, simfonik orkestrin üzvü, violençelist J.Əliyeva, BMA-nın I kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, skripkaçı A.Seyidov, Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, prezident təqaüdçüsü, pianoçu V.Vəkilov çıxış etdilər. Onların ifasında Azərbaycan və Avropa bəstəkarları - Q.Qarayev, F.Şopen, Elqar, Venyavski və Paqanininin əsərləri səsləndi. Konsert proqramının sonunda V.Vəkilov özünün bəstələdiyi və Aybəniz Vəkilovaya həsr etdiyi “Elegiya” əsərini ifa etdi. Musiqi nömrələri böyük alqışlarla qarşılandı. Tədbirin sonunda qonaqlara Heydər Əliyev fondunun təşəbbüsü və Mehriban xanım Əliyevanın redaktəsi ilə nəşr olunmuş “Rostropoviç Dahi Bakılı ” kitabı təqdim olundu. ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbərinin xanımı İclal Cankorel təşkil olunmuş tədbirdən razı qaldığını bildirdi. Qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazdılar.
   
   Rəna İbazadə,
   Vüsalə Abdullayeva,
   muzeyin kiçik elmi işçiləri