Telekanal Azərbaycanın ən gözəl mədəniyyət nümunələrini hər bir ailəyə çatdıracaq
   
   Fevralın 14-də, Azərbaycan televiziyasının yaranmasının 55-ci ildönümündə milli teleməkanda əlamətdar hadisə baş verdi. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında “Mədəniyyət” kanalı fəaliyyətə başladı.
      
   Yeni telekanalın açılışı ilə bağlı Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclis deputatları, tanınmış alimlər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlandı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli yeni kanala xeyir-dua verdilər.
   “Mədəniyyət” kanalının yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirən natiqlər bu hadisəni dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğı kimi səciyyələndirdilər. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni kanalın milli mədəniyyətimizin inkişafı və təbliğində mühüm rol oynayacağı, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlərin bu gün də uğurla davam etdirilməsi vurğulandı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan televiziyasının 55 illik yubileyini bütün mədəniyyət işçiləri adından təbrik etdi, qarşıdakı illərdə televiziyaya daha böyük uğurlar arzuladı. Nazir Azərbaycanda “Mədəniyyət” kanalının fəaliyyətə başlamasını tarixi gün kimi dəyərləndirdi: “Bu telekanalın açılışı o deməkdir ki, Azərbaycan xalqı əsrlər boyu yaratdığı mədəniyyət xəzinəsini gələcək nəsillərə, gələcək əsrlərə çatdıra biləcək”. Ölkə başçısının mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsində mədəniyyətimizin intibah dövrü yaşadığını vurğulayan nazir əmin olduğunu bildirdi ki, “Mədəniyyət” baxımlı bir kanal olacaq, dünya mədəniyyətinin incilərini tamaşaçılara təqdim etməklə yanaşı, Azərbaycan mədəniyyətini daha geniş şəkildə dünyaya təqdim edə biləcək.
   Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında vurğuladı ki, Azərbaycanda mədəniyyətimizin qorunub saxlanılması, onun ən yaxşı nümunələrinin yaşadılması, həmin nümunələr əsasında yeni nəslin tərbiyəsi, maddi-mənəvi nümunələrimizin dünyada yayılması və tanıdılması siyasəti uğurla həyata keçirilir: “Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda, dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır. Əgər bir millətin mədəniyyəti yoxdursa, onun mədəniyyəti bu və ya digər proseslərin təsiri altında məhvə məruz qalırsa, o millətin gələcəyindən söhbət gedə bilməz. Bu kanalın iki əsas vəzifəsi olacaq. Birincisi, ən gözəl mədəniyyət nümunələrini vətəndaşlarımıza və dünyada yaşayan soydaşlarımıza çatdırmaq, ikincisi isə ölkəmizin mədəniyyət nümunələrinin salnaməsini yaradaraq gələcək nəsillərə ötürmək”.
   ”Mədəniyyət” kanalına öz xeyir-dualarını verən ziyalılar ciddi və məsuliyyətli bir işə başlayan kanalın kollektivinə, televiziya kanalının rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevə uğurlar arzuladılar.
   Tarixi bir gündə - “Mədəniyyət” kanalının açılış mərasimində III Muğam televiziya müsabiqəsi start götürdü. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqə Azərbaycan Televiziyası ilə yanaşı, “Mədəniyyət” kanalı ilə canlı yayımlandı. Ustad sənətkarlardan ibarət münsiflər heyəti müsabiqənin ilk günü müsabiqədə iştirak edən 20 gənc ifaçıdan 10 ifaçının çıxışını dinlədilər.
   
   Təranə Vahid