TRT-nin Bakı nümayəndəliyinin Xocalıya həsr etdiyi film təqdim olundu
   
   Fevralın 22-də Türkiyənin Bakıdakı səfirliyində TRT kanalının Bakı nümayəndəliyinin Xocalı faciəsinə həsr etdiyi «Duyun artıq» sənədli filminin təqdimat mərasimi keçirildi. 
   Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, TRT-nin Bakı təmsilçilinin rəhbəri Yüksel Dəyərcan, millət vəkilləri Məlahət Həsənova, Gülər Əhmədova və Jalə Əliyeva iştirak edirdi. Qeyd edək ki, Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə çəkilmiş sənədli filmin quruluşçu rejissoru Nailə Əkbərova, quruluşçu operatoru Vüqar İbadov, rejissor assistenti isə Aybəniz Rəfiyevadır.
   Təqdimat mərasimində çıxış edən Yüksel Dəyərcan bildirdi ki, TRT «Duyun artıq» filmi ilə Xocalı faciəsinin dünyaya çatdırılmasına öz töhfəsini verməyə çalışıb: “Erməni vəhşiliklərini bütün dünyaya çatdırmaq hər birimizin borcudur. Bu filmi çəkməkdə məqsədimiz bir çox məqamları aşkara çıxarmaq və onları tamaşaçıların diqqətinə çatdırmaqdır».
   Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc qeyd etdi ki, Türkiyə istər kədərli, istərsə də sevincli günlərdə hər zaman Azərbaycanın yanındadır: «Biz yerləşdiyimiz coğrafiyada barış, sakitlik istəyirik. Bu film Xocalı qətliamının dəhşətlərini bir daha dünya ictimaiyyətinə çatdırır. Bu günə qədər susmaq kifayətdir. Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir. Başqaları 100 il əvvəlki yalanlardan bəhs edərkən, biz niyə 19 il əvvəl baş vermiş bir faciədən danışmayaq? Bu ədalətsizliyə, haqsızlığa son qoyulmalıdır».
   Çıxışlardan sonra «Duyun artıq» sənədli filmi nümayiş olundu. Xocalı faciəsinin şahidləri, millət vəkilləri, tarixçilərin iştirakı ilə çəkilmiş film əhatəli, dolğun və təsirli idi. Filmdə göstərilən kadrlara tamaşa edən, şahidlərin dediklərini dinləyən hər kəs baş verənləri görməklə yanaşı, o faciənin acısını bir daha yaşadı.
   
   Mehparə