Heydər Əliyev Sarayında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Anım mərasimini giriş sözü ilə açan Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyib: “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, Xocalı soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir”.
Sarayın direktoru deyib ki, son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib: “19-cu ildönümünü qeyd etdiyimiz XX əsrin faciəsi olan Xocalı soyqırımı məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.
Tədbirdə Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.