Martın 29-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində ədibin 7 cildlik seçilmiş əsərlərinin 4 cildinin və ədibə həsr olunmuş elektron toplunun təqdimatı oldu.
“CBS” nəşriyyatında işıq üzü görən kitablara N.Həsənzadənin şeirləri, poemaları, pyesləri və nəsr əsərləri daxil edilib. Seçilmiş əsərlərin növbəti cildlərində onun elmi məqalələri və publisistik əsərləri toplanacaq.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi yeri olduğunu bildirdi. O, ədibin yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının hazırlandığını iştirakçıların nəzərinə çatdırdı.
Yubiley tədbirində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığından danışaraq onun öz əsərləri ilə ədəbiyyatımıza mühüm töhfələr verdiyini vurğuladı: “Nəriman Həsənzadə dramaturgiya sahəsində də qələmini sınayıb. Təsadüfi deyil ki, şairin “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” və s. mənzum pyesləri ölkəmizin aparıcı teatrlarında tamaşaya qoyulub. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, mətbuat və informasiya nazirinin müavini vəzifələrində işləyən Nəriman Həsənzadə həm yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti ilə daima diqqət mərkəzində olub”.
V.Əliyev bildirdi ki, ədibin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq şairi”, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, “Şərəf” nişanına, “Şöhrət” ordeninə layiq görülüb. Qeyd olundu ki, şairin 80 illik yubiley tədbirləri Bakıda, o cümlədən respublikamızın müxtəlif bölgələrində geniş qeyd olunacaq.
Tədbirdə çıxış edən millət vəkilləri Nizami Cəfərov, Aydın Mirzəzadə, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademiklər Bəkir Nəbiyev, Budaq Budaqov, professor Ənvər Əhməd, tənqidçi Rüstəm Kamal, şair İlyas Tapdıq, digər tanınmış ədəbiyyat və mədəniyyət xadimləri şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşdülər. Qeyd olundu ki, Nəriman Həsənzadə öz şeirləri ilə hər zaman oxucuların qəlbinə yol tapa bilib. Onun vətənpərvərlik ruhlu, məhəbbət dolu şeirləri sevilə-sevilə oxunur, pyesləri müxtəlif teatrlarda səhnəyə qoyulur. Çıxış edənlər yubilyarı yubileyi münasibətilə təbrik etdilər, yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda söz yubilyara verildi. O, yaradıcılığına verilən qiymətə görə hər kəsə, Mədəniyyət və Turizm Nazirliyinə, elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxanaya minnətdarlığını ifadə etdi.
Çıxışlardan sonra elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olundu. Burada şairin həyat və yaradıcılığı haqqında məlumat, şairin əsərləri, görkəmli şəxslərin şair haqqında söylədikləri, şeirlərinə bəstələnmiş musiqilər, fotoşəkillərdən ibarət fotoqalereya əksini tapıb. Tədbirdə yubilyarın yaradıcılığını əhatə edən “Kövrək qəlbli şair” adlı kitab sərgisi də nümayiş etdirildi.
Tədbir boyu xalq artistləri Laləzar Mustafayeva və İlham Əsgərovun Nəriman Həsənzadə yaradıcılığından söylədikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Ceyhun Zərbəliyev