Aprelin 12-də Yazıçılar Birliyinin «Natəvan» klubunda şair Şövkət Zərin Horovlunun «Arazdan gələn səs» romanının təqdimatı, müzakirəsi və imza günü keçirildi. Yazıçılar Birliyinin üzvü olan Şövkət Zərin Horovlu «Çinar həsrəti», «Mən Araz qızıyam», «Sözün işığı» və s. kitabların müəllifidir. «Arazdan gələn səs» romanı Qarabağ mövzusundadır, erməni işğalçılarının azərbaycanlılara qarşı törətdikləri azğınlıqlardan bəhs edir.
   Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq müəllifi ilk nəsr əsərinin nəşri münasibəti ilə təbrik etdi. Daha sonra çıxış edən yazıçı-dramaturq Elçin Hüseynbəyli «Arazdan gələn səs» romanı barədə fikirlərini bölüşdü: «Şövkət xanımı hamımız şeirləri ilə tanıyırdıq. Roman onun nəsrdə ilk qələm təcrübəsidir. Əsər çox aktual mövzuya toxunub və bu səbəbdən də romanın uğuruna inanıram».
   Şair Adil Cəmil müəllifin tutumlu nəsr əsəri ərsəyə gətirdiyini diqqətə çatdırdı: «Bu əsərlər bizim ağrı-acılarımızı ifadə edir. Mən bu əsəri oxuyub çox duyğulandım».
   Şair Oqtay Rza müəllifin yaradıcılığından söz açaraq ona yeni uğurlar dilədi.
   Tədbirdə daha sonra Türk Törə Ocağının sədri, şair Elxan Zal Qaraxanlı Şövkət Zərinə «San yarlığı» mükafatını təqdim etdi. Qeyd olundu ki, müəllif vətənpərvərlik mövzusunda yazdığı əsərlərə və «Arazdan gələn səs» romanına görə bu mükafatla təltif olunub.   

   Gülər