Dünya Mədəniyyətlərarası Dialoq Forumu tarixə çevrildi
Aprelin 8-də “Gülüstan” sarayında Dünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi oldu.
Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru xanım Katrin Fieski Forumda müzakirə olunan mühüm əhəmiyyətli məsələlərin qısa icmalını verdi. Forumun uğurlu keçdiyini deyən xanım K.Fieski Azərbaycanın rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür etdi.
Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsinin dünya miqyasında çox böyük hadisə olduğunu deyən K.Fieski prezident İlham Əliyevin Forumun açılış sessiyasında dərin məzmunlu nitqinin bütün iştirakçılar tərəfindən maraqla qarşılandığını vurğuladı. Bildirildi ki, Azərbaycan prezidentinin nitqi, səsləndirdiyi ideyalar, təşəbbüslər, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi ilə bağlı müraciəti hər bir iştirakçıda dərin təəssürat yaradıb.
K.Fieski həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Forumun “Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiyada iştirakına və dərin məzmunlu çıxışına görə minnətdarlıq etdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun bütün iştirakçılarına təşəkkür edərək tədbirin gözlənildiyindən də artıq uğurlu keçdiyini bildirdi. Nazir diqqətə çatdırdı ki, Bakı Forumunun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca məhsuldar müzakirələr, fikir mübadilələri aparmalarındadır. Nazir əmin olduğunu bildirdi ki, Forumda irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacaq: “Forumun nəticəsi olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”.
Forumun bağlanış mərasiminin iştirakçıları belə bir yekdil qənaətə gəldiklərini bəyan etdilər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi coğrafi məkan kimi bütün dünya ölkələrinə nümunə olmağa layiqdir.