Mayın 3-də Bakı Turizm İnformasiya Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin GoMap.az onlayn turizm naviqasiya layihəsi çərçivəsində aparılan araşdırmalara həsr olunmuş mətbuat konfransı keçirildi. 
      
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirdi ki, son vaxtlar informasiya-kommunikasiya texnologiyalarının inkişafına bütün dünya ölkələrində diqqət yetirilir: «Həyatımızı informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bütün dünyada iqtisadiyyatın gəlirli sahəsi olan turizmin inkişafında informasiya-kommunikasiya texnologiyalarının əvəzsiz rolu var. Azərbaycanın təbii-coğrafi mövqeyi, zəngin mədəniyyəti, əlverişli iqlimi imkan verir ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayı artsın. Amma dünya ölkələri ilə turizm sahəsində rəqabət aparmaq üçün həm də yaxşı infrastruktur olmalıdır. Ona görə də son illər Azərbaycanda turizmin inkişafı dövlətin diqqət mərkəzindədir. “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb. Bu tədbirlər planında nəzərdə tutulan məsələlərdən biri də turizm sahəsinin inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir».
   Aparat rəhbəri qeyd etdi ki, Bakıda və Azərbaycanın 7 rayonunda turizm-informasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin hər birinin internet saytında regionlarımızın və şəhərlərimizin turizm potensialı haqqında ən son məlumatlar öz əksini tapıb: «Bu yaxınlarda isə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi layihəsi olan GoMap.az turizm layihəsi ictimaiyyətin istifadəsinə verildi. Apardığımız monitorinq nəticəsində müəyyənləşdirmişik ki, hər gün bu portaldan təxminən 5 min insan istifadə edir. Portalın istifadəçiləri arasında Rusiya, Türkiyə, Almaniya və ABŞ vətəndaşları üstünlük təşkil edir. Əsas məqsədimiz istifadəçilərin sayını daha da artırmaqdır. İstəyirik başqa ölkələrin şirkətləri də bu portalın linkini öz internet saytlarına daxil etsinlər».
   GoMap.az onlayn turizm naviqasiya portalını hazırlayan “Sinam” şirkətinin direktoru Elçin Əliyev bildirdi ki, hazırda portala çox böyük maraq var. Onun sözlərinə görə, portalda Azərbaycanın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, tarixi, mədəniyyət obyektləri haqda məlumatlar yerləşdirilib: «Bu gün dünyada tətbiq olunan turizm-axtarış texnologiyalarından istifadə edərək Azərbaycanın tam və dolğun xəritəsini tərtib etmişik. Bu elektron xəritəyə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikili, 43000 km yol, 23770 km yaşıllıq sahələri və meşələr və digər məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir».
   Sonda F.Qurbanov ölkə ictimaiyyətini layihə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığa dəvət etdi. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fotoşəkillər GoMap.az komandasına təqdim ediləcəyi halda, onlar elektron xəritədə yerləşdiriləcək: “Bu xəritədə Qarabağdakı tarixi-mədəniyyət obyektləri ilə bağlı məlumatlar və ərazidəki mövcud durum öz əksini tapıb. GoMap.az portalı vasitəsilə biz həm də işğal olunmuş ərazilərdəki tarixi-mədəniyyət obyektlərinin durumu haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaq niyyətindəyik».
   
   Fəxriyyə Abdullayeva