Mayın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin sərgi salonunda Xalq rəssamı Mayis Ağabəyovun fərdi sərgisi açıldı. 
   Sərgi fırça ustasının anadan olmasının 70 illiyinə həsr olunub.
   

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Mayis Ağabəyov Azərbaycan mədəniyyətinin inkişafında öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Bütün mənalı ömrünü Azərbaycan təsviri və kino sənətinin inkişafına həsr edən sənətkarın həyat və yaradıcılığının gənc nəslə nümunə olduğunu vurğulayan nazir müavini rəssamın incəsənətimizə verdiyi töhfələrdən danışdı. O, 70 yaşlı rəssamının fərdi sərgisinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirdi: “Sərgidə Xalq rəssamı Mayis Ağabəyovun maraqlı sənət nümunələri nümayiş olunur. Bu sərgi ona öz yaradıcılığının bütün istiqamətlərini göstərməyə, tamaşaçıları qarşısında hesabat verməyə imkan verir. İnanırıq ki, o, bundan sonra da yeni sənət əsərləri ilə tamaşaçılarını sevindirəcək”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Salxab Məmmədov Mayis Ağabəyovun Azərbaycan rəngkarlıq sənətinin inkişafındakı xidmətlərindən danışdı. Qeyd olundu ki, onun yaradıcılığı Azərbaycan təsviri sənət tarixinə öz möhürünü vurub. Özünəməxsus rəng, kompozisiya həlli, seçilmiş mövzuların unikallığı onun yaradıcılığının fərqli cəhətlərindəndir.
   Tədbirdə çıxış edən Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov, kinorejissor Eldar Quliyev, yazıçı-publisist Aqşin Babayev yubilyarla bağlı fikirlərini bölüşdülər, onun həyat və yaradıcılığı haqqında danışdılar. Qeyd olundu ki, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, \"Azərbaycanfilm\" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayan Mayis Ağabəyovun əsərləri dəfələrlə respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilib. O, əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində özünəməxsus dəst-xətti ilə seçilən orijinal əsərlər yaradıb. 20-dən çox filmin (“Nizami”, “Nəsimi”, “Babək” və s.) quruluşçu rəssamı olub.
   Xalq rəssamı Mayis Ağabəyov çıxış edərək sərginin təşkilatçılarına - Mədəniyyət və Turizm Nazirliyinə, Muzey Mərkəzinə minnətdarlığını ifadə etdi. Azərbaycan mədəniyyətinin uğurlarından danışan sənətkar sərgidə nümayiş etdirdiyi əsərlərində gələcəyə inam hissini ifadə etməyə çalışdığını vurğuladı.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın 129 rəngkarlıq və 6 heykəltəraşlıq əsəri nümayiş olunur. Sərgi mayın 23-dək davam edəcək.
   
   Ceyhun