Mayın 24-də Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri başlayıb. İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyidir. 
   
   Mədəniyyət günləri ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Çinə səfər edib. Nümayəndə heyətinə nazirliyin məsul əməkdaşları, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Milli Məclisin deputatları Səyavuş Novruzov və Rauf Əliyev, İcra Hakimiyyəti nümayəndələri, incəsənət ustaları daxildir.
   Mədəniyyət günlərinin açılışından öncə mayın 24-də Pekin şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanın əsrlər boyu dünya mədəniyyəti xəzinəsinə öz incilərini bəxş etmiş bir ölkə olduğunu vurğulayıb. Tədbirdə ÇXR-in xarici işlər nazirinin müavini çıxış edərək ölkələrimiz arasında olan mədəni əlaqələrin tarixindən danışıb.
   Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi Çin Milli Muzeyində keçirilib. Mərasimdə Çinin yüksək vəzifəli şəxsləri, ölkə ictimaiyyətinin nümayəndələri, Pekindəki diplomatik korpusun təmsilçiləri, soydaşlarımız, tələbələr iştirak ediblər. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasim iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmiz zəngin milli mədəni dəyərləri olan bir diyardır. Qədim tarixə malik Azərbaycan əsrlər boyu dünya mədəniyyəti xəzinəsinə öz incilərini bəxş edib. Müsəlman Şərqində ilk peşəkar teatr, opera və balet məhz Azərbaycanda yaranıb. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran nazir bildirib ki, hazırda əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir.
   Çin hökuməti adından mərasim iştirakçılarını salamlayan bu ölkənin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğunu deyib. O, hələ qədim İpək Yolu dövründən əsası qoyulan münasibətlərimizin möhkəmlənməsində mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Çin mədəniyyət nazirinin müavini əmin olduğunu bildirib ki, çinli sənətsevərlər Azərbaycan mədəniyyəti günlərindən zövq alacaqlar.
   Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında təqdim olunan milli rəqslərimizi çinli tamaşaçılar rəğbətlə qarşılayıb. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri səslənib. Dünya musiqi sərvətinin incisi olan muğamımız zala toplaşanların qəlbini riqqətə gətirib.
   Mayın 24-də Pekin Universitetinin akt zalında Azərbaycan incəsənət ustalarının daha bir konserti olub.
   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Çinin mədəniyyət nazirinin müavini və Çin Milli Muzeyinin direktoru xanım Jao Şaxua ilə görüşü keçirilib. Görüşdə nazir qədim İpək Yolu dövründən əsası qoyulan münasibətlərimizin möhkəmlənməsində mədəni əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
   Nazir həmçinin səfər çərçivəsində Çinin “Jenmin Jibao” qəzetinə və Türkiyənin “Cihan News” agentliyinə müsahibə verib.
   Mədəniyyət günləri çərçivəsində nümayəndə heyəti mayın 24-də Pekindəki İmperator sarayında olub və Çin operasını ziyarət edib.
   
   * * *
   Mayın 25-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ÇXR-nin mədəniyyət naziri Çay Vu (Chai Wu) arasında görüş keçirilib. İki ölkə arasında mədəni sahədə əlaqələrin müzakirə olunduğu görüşdə qeyd edilib ki, ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Çinə, habelə yüksək səviyyəli Çin nümayəndə heyətlərinin Azərbaycana səfərləri əlaqələrimizin inkişafında böyük rol oynayıb. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu əlaqələr iki ölkə rəhbərinin dəstəyi sayəsində genişlənir. Nazir vurğulayıb ki, Azərbaycan tərəfi Çində mədəniyyət günlərinin keçirilməsinə böyük önəm verir. Çünki bu cür tədbirlər iki ölkə arasında mədəni sahədə əməkdaşlığı möhkəmləndirir.
   Mədəniyyət sahəsi üzrə iki ölkə arasında olan əməkdaşlığın perspektivlərindən söz açan nazir Ə.Qarayev bu əməkdaşlığın daha da güclənməsi üçün qarşı tərəfi Azərbaycana səfərə dəvət edib. Nazir həmçinin həmkarına 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyəti Günlərinin təşkil olunmasını təklif edib, ilkin tədbirlər planının hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupun yaradılmasının zəruriliyini vurğulayıb. Ölkəmizin son illər sürətli inkişafı ilə tanış olduğunu deyən Çinin mədəniyyət naziri bildirib ki, 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyəti Günlərinin təşkili əməkdaşlığımızın genişlənməsindən xəbər verir. Qeyd olunub ki, mədəniyyət günləri ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 20-ci ildönümünə təsadüf edəcək.
   Görüşdə muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
   Görüşdə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində mədəni abidələrin dağıdılmasının yolverilməz olduğu vurğulanıb. Vurğulanıb ki, həm Azərbaycan, həm də Çin bu cür hallara qarşıdır.
   Daha sonra iki ölkə arasında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
   Həmin gün Azərbaycan nümayəndə heyəti Böyük Çin Səddini ziyarət edib.
   
   * * *
   Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 25-də Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin açılışı olub.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək ölkələrimizin qədim və zəngin mədəniyyətə malik olduqlarını, bu cür tədbirlərin xalqlarımızı bir-biri ilə daha da yaxınlaşdırdığını diqqətə çatdırıb.
   Ə.Qarayev əmin olduğunu bildirib ki, çinli sənətsevərlər bu sərgi vasitəsilə Azərbaycan haqqında daha ətraflı məlumat əldə edəcəklər.
   Çin Mədəniyyət Nazirliyinin rəsmisi xanım Xonq Li ölkələrimiz arasında hələ qədim dövrlərdən başlamış mədəni əlaqələrin müasir dövrdə yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, sərginin Azərbaycanın Çində tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
   Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları sərgi ilə yaxından tanış olublar.
   Üç hissədən ibarət sərginin “Azərbaycan: ənənə və müasirliyin qovşağında” adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı və təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunub. Bu fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı, Azərbaycanda bədii fotoqrafiya sənətinin, peşəkar fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir.
   Azərbaycan xalqının zəngin geyim ənənələrini özündə əks etdirən milli geyim nümunələri də qonaqların marağına səbəb olub. Geyimlər tarixən Azərbaycanın müxtəlif bölgələrində istifadə olunan paltarların eskizləri əsasında hazırlanmışdır.
   Bundan başqa, sərgidə Bakıdakı miniatür kitab muzeyindən götürülmüş 500-dək kitab nümayiş etdirilir. Ekspozisiyaya çin dilində olan kitablar da daxildir.
   
   * * *
   Qeyd edək ki, Çində Azərbaycan Mədəniyyəti Günləri bu gün (27 may) başa çatacaq.
   Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə təsadüf edən tədbirlər tarixən sıx əlaqələrimiz olmuş, bu gün də yaxın tərəfdaşımız olan Çin dövlətində milli mədəniyyətimizin təbliği baxımdan mühüm hadisə sayılmalıdır.