Mahnı müsabiqəsinin keçiriləcəyi yerlə bağlı bir neçə təklif müzakirə olunur
   
   İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.
   
   İclasda Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.
   Mehriban xanım Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlət başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söyləyib.
   Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar.
   Qeyd edək ki, Avropa Yayım Birliyi tərəfindən təşkil olunan beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Prezident İlham Əliyevin mayın 19-da imzaladığı sərəncama əsasən, gələn il “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri ölkəmizin “Eurovision”da iştirakının təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təyin edilib. Komitə “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb icra olunmasını təmin etməlidir.