İyulun 6-da “Park-İnn Azərbaycan” mehmanxanasında Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diasporunun nümayəndələri ilə dövlət və hökumət qurumlarının rəhbərləri arasında görüş keçirilib.
   
   Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilmiş qurultayın işini yüksək qiymətləndirən Azərbaycan diasporunun nümayəndələri görüşdə müxtəlif məsələlərə toxunub, arzu və fikirlərini səsləndirib, onları maraqlandıran suallara dolğun cavablar alıblar.
   Azərbaycan dövlətinin diaspor sahəsində fəaliyyətinin çoxşaxəli və uzunmüddətli strategiya əsasında həyata keçirildiyini deyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Prezident İlham Əliyevin bununla bağlı verdiyi tapşırıq və tövsiyələrdən danışıb. Bildirilib ki, üçüncü qurultay diasporumuzun beynəlxalq miqyasda daha geniş və sistemli fəaliyyətinə şərait yaradılacaq.
   İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin dinamik inkişafı barədə diaspor nümayəndələrinə ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və irimiqyaslı layihələrdən danışıb.
   2011-ci ilin “Turizm ili” elan olunduğunu xüsusi vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sahədə görülən işləri qonaqların diqqətinə çatdırıb. Nazir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən genişmiqyaslı işlər nəticəsində ölkəmizin dünya mədəniyyəti irsində layiqli yer tutduğunu vurğulayıb.
   Qeyd olunub ki, Azərbaycan mədəniyyət sahəsində mühüm tədbirlər həyata keçirir. Azərbaycanın muğamı ilə yanaşı, aşıq musiqisi və Azərbaycan xalçası UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “Bəzən xarici ölkələrdə Azərbaycan xalçaları başqa ad altında təqdim edilir. Mən xaricdə yaşayan azərbaycanlılara səslənirəm ki, xarici ölkələrdə belə bir halla rastlaşanda bu xalçaların UNESCO tərəfindən tanınan Azərbaycan xalçası olduğunu deməyə, bununla bağlı məsələ qaldırmağa tam hüququnuz var”.
   Əbülfəs Qarayev xaricdə yaşayan azərbaycanlıları düşmən qüvvələrin Azərbaycana qarşı apardığı kampaniya ilə mübarizədə daha fəal olmağa çağırıb.
   Nazir Azərbaycanın turizm imkanlarının dünyada tanınması və təbliğində diasporun da mühüm rol oynaya biləcəyini deyib: “Azərbaycan hər il dünyanın müxtəlif ölkələrində keçirilən turizm sərgilərinə qatılır. Bizim diasporumuzun turizm sahəsində ən böyük köməyi o ola bilər ki, bu sahədə Azərbaycanın daha geniş təbliğatı ilə məşğul olsunlar”.
   Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çox mühüm işlər görüldüyünü, bu istiqamətdə qanunvericiliyin beynəlxalq tələblərə uyğun olaraq təkmilləşdirildiyini bildirib.
   Təhsil naziri Misir Mərdanov ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan, Bolonya sisteminə keçidlə bağlı görülmüş işlərdən danışıb. Nazir Azərbaycan gənclərinin xaricdə təhsillə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər planı hazırlandığını söyləyib.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanı dini tolerantlıq baxımından bütün dünyaya nümunə kimi qiymətləndirib.
   Bu gün respublikamızın dünyada idman ölkəsi kimi qəbul edildiyini vurğulayan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idman sahəsində əldə olunan uğurları diqqətə çatdırıb.
   Sonra çıxışlar ətrafında müzakirələr aparılıb, diaspor nümayəndələrinin sualları cavablandırılıb.
   
   
   * * *
   
   “Mədəni irsimizin təbliği üçün daha çox işlər görməliyik”
   
   “Dünya azərbaycanlılarının III qurultayı ölkəmizin, xaricdə yaşayan soydaşlarımızın həyatında əlamətdar hadisədir. Çox sevinirəm ki, mən də bu qurultayların ikisinin iştirakçısı olmuşam”. 
   Bu sözləri iyulun 5-də Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Cəmiyyətinin prezidenti İradə Axundova deyib. O vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, perspektiv planları müzakirə etmələri üçün belə tədbirlər çox vacibdir.
   İradə Axundova bildirib ki, bundan əvvəlki iki qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət alıb, onların ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlib, azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlayıblar.
   Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsimizin təbliği, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə olunub. Bu istiqamətdə daha çox işlər görməliyik.
   
    * * *

    “Sevinirəm ki, doğma Azərbaycanımdayam”
   
   “Dünya azərbaycanlılarının III qurultayını təşkil etdiyinə görə Azərbaycan dövlətinə minnətdarlığımızı bildiririk”. Bu sözləri Dünya azərbaycanlılarının III qurultayının nümayəndəsi, Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri deyib.
   ”Dostlarım, bərabər işlədiyim diaspor təşkilatlarının nümayəndələri buradadır və onlarla görüşmək imkanı əldə etmişəm. Çox şadam, sevinirəm ki, öz Vətənimdə, doğma Azərbaycanımdayam. Bu tədbir dünya ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini tarixi Vətənimizdə bir araya gətirməklə çox əhəmiyyətli bir hadisədir. Bu tədbiri təşkil edən hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə Tomris Azəri bildirib.
   
     * * *   
   

    “Dünya azərbaycanlılarının Bakıda bir araya gəlməsi çox mühüm hadisədir”
   

   “Dünya azərbaycanlılarının III qurultayı Azərbaycanın gələcək inkişafı üçün çox böyük əhəmiyyət daşıyır”. Bu sözləri Dünya azərbaycanlılarının III qurultayının nümayəndəsi, Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman deyib.
   O bildirib ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir yerə toplanmaları işgüzar fikir mübadiləsinin aparılması üçün əla fürsətdir: “Bu baxımdan diaspor təşkilatları təmsilçilərinin və dünyada nüfuz sahibi olan azərbaycanlıların Bakıda bir araya gəlməsi Azərbaycan üçün çox mühüm hadisədir. Bizim, köhnə bakılıların doğma Vətənimiz olan Azərbaycanın paytaxtında yenidən görüşməyimiz bu mötəbər tədbirə daha bir gözəllik əlavə edir”.