Bakıda beynəlxalq elmi konfrans keçirildi
   
   İyulun 11-12-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə Bakıda “Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Qloballaşma və Davamlı İnkişaf İnstitutu (Rusiya), Cənubi Rusiya Ali Məktəblər Assosiasiyası və Azərbaycan Turizm İnstitutunun dəstək verdiyi konfrans maraqlı müzakirələrlə yadda qaldı.
   
   Konfransın Muzey Mərkəzində keçirilən açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Qeyd olundu ki, konfrans mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkədə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunan tədqiqatların dəstəklənməsi məqsədilə keçirilir. Qloballaşan sosial problemlər, mədəni proseslərin necə və hansı istiqamətə yönəlməsi məsələlərinin konfransın müzakirə mövzusu olduğunu vurğulayan nazir tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Belarus və Litvanın tanınmış elmi qurumları və məktəblərinin təmsil olunduğunu nəzərə çatdırdı: “İştirakçı ölkələrin coğrafiyası göstərir ki, burada müzakirə olunacaq məsələlər ölkəmizin bütün regionlarına xas olan problemlərdir. Şübhəsiz, nəzəriyyəsiz bu mədəni inkişafın təminatı mümkünsüzdür.
   Nazir bu cür tədbirlərin həm də mədəniyyətlərarası dialoqun inkişafına xidmət etdiyini vurğuladı: “Azərbaycan hər zaman dialoqlara açıq ölkə olub. Belə ki, dini və etnik fərqliliyə daim hörmətlə yanaşmışıq və tolerantlığımızı qoruyub saxlamışıq. İnkişafımızı təmin etmək üçün Azərbaycan hər zaman mədəniyyətin təbliği, mübadiləsi sahəsində keçirilən tədbirlərə açıq olub”.
   Konfransda UNESCO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Davamlı inkişaf mədəniyyətinin formalaşmasında UNESCO proqramlarının rolu” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, müasir dövrümüzün ən aktual məsələlərindən olan davamlı inkişafın təmin olunmasında təhsil, elm və mədəniyyət əhəmiyyətli rol oynayır. Bu məsələ UNESCO-nun da daim diqqət mərkəzindədir. Təşkilatın demək olar ki, bütün əsas proqramları məhz davamlı inkişafla sıx bağlıdır.
   Natiq vurğuladı ki, UNESCO-nun fəal üzvlərindən biri kimi Azərbaycan Respublikası da davamlı inkişaf məsələsinə, davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasına böyük önəm verir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində irəli sürdüyü təşəbbüslər, onun rəhbərliyi ilə həyata keçirilən proqram və layihələr Azərbaycanda davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır.
   Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, UNESCO-nun eksperti (Moskva, Rusiya) Nizami Məmmədov “Yeni humanizm və davamlı inkişaf mədəniyyəti” mövzusunda çıxış etdi. Sankt-Peterburq Pedaqoji Təhsil Akademiyasının rektoru, pedaqoji elmlər doktoru, professor Sergey Alekseyevin “Davamlı inkişaf üçün təhsil: imkan və perspektivlər”, Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Davamlı inkişafda bilik və mədəni ənənələrin mühafizəsi”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılovun “Davamlı inkişaf mədəniyyətinin formalaşmasında inam əsas dəyər kimi”, Ukrayna Sənət Akademiyasının Kulturologiya İnstitutunun direktor müavini, professor Viktor Şerbinanın “Çöxölçülü cəmiyyətdə mədəniyyətlərin dialoqu”, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovun “Turizm mədəniyyətlərin dialoq amili kimi” və digər çıxışçıların məruzələri maraqla qarşılandı.
   Konfransın ikinci iş günü “AF hotel”də üç mövzu üzrə seksiyalarda davam etdi. Birinci seksiyada “Davamlı inkişafa keçid edən regional, mədəni özəlliklər”, ikinci seksiyada “Davamlı inkişaf mədəniyyətinin dəyərləri”, üçüncü seksiyada “Davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsil və kommunikasiya vasitələrinin rolu” müzakirə olundu. İki gün davam edən konfransda ümumilkdə 50-dən çox məruzə dinlənildi.
   Sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə plenar iclas keçirildi, seksiya rəhbərlərinin hesabatları dinlənildi. Konfrans yekun qətnamənin qəbulu ilə yekunlaşdı.
   
   Reyhan İsayeva