Dövlət başçısı Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı və s. məsələlərin vacibliyini diqqətə çatdırıb
   
   İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı 2011-ci ilin birinci yarısında ölkə qarşısında duran sosial-iqtisadi məsələlərin həllini tapdığını vurğulayıb.
   “Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir”, - deyən prezident bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunduğunu bildirib. Bu müddətdə əhalinin pul gəlirləri 17 faiz artıb. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tariximizdə ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatdığını deyən dövlət başçısı bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artdığını diqqətə çatdırıb: “Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 38 milyard dollar təşkil edir. Bu, bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq”.
   Dövlət başçısı Azərbaycanın bölgədə nüfuzunun getdikcə artdığını qeyd edib, çəkilişi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışıb. Prezident maktoiqtisadi sabitliyin saxlanılmasının, büdcə xərclərinin 100 faiz icra edilməsinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu vurğulayıb. Bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək.
   Prezident Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı, kənd yollarının çəkilməsi, yaxın 4-5 ildə su və kanalizasiya problemlərinin həll olunması, əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.