Elmi konfransda tolerantlıq mühiti və mədəniyyətlərarası dialoqdan danışılıb
  
   İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Din və ictimai təhlükəsizlik” mövzusunda elmi konfrans keçirilib.
  
   İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva tədbirin əhəmiyyətindən danışaraq bu mövzunun müasir dövrdə vacib qlobal məsələ olduğunu qeyd edib. O, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun fəaliyyətində bu mövzunun önəmli yer tutduğunu, ölkəmizdə millətlərarası və dinlərarası dialoqa böyük diqqət verildiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks beynəlxalq tədbirlər müstəqil Azərbaycanın dini tolerantlıq baxımından bütün dünyaya örnək ola biləcəyini sübut edir.
   AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Azərbaycan zəngin keçmişə malik ölkədir. Xalqımız sivilizasiyalar arasında dialoqa tərəfdardır, inkişafımızın əsasında məhz sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əlaqələr dayanır.
   Bakı Dövlət Universitetinin professoru, akademik Vasim Məmmədəliyev vurğulayıb ki, səmavi dinlər insanlar arasında yalnız məhəbbət, ədalət, humanizm ideyalarını təbliğ edir. Din ilk növbədə münaqişələrin aradan qaldırılmasında, sülhün və irəliləyişin əldə edilməsində bir vasitə olmalıdır.
   AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisədə din və ictimai təhlükəsizlik mövzusunda müzakirələr aparılmasından, ölkəmizdə din məsələlərinə azərbaycançılıq məfkurəsindən yanaşılması zəruriliyindən danışıb.
   Konfransda ayrı-ayrı mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.