Azərbaycan səfiri Macarıstanda türk irsinə həsr olunmuş şənliklərdə iştirak edib
   
   Macarıstanda fəaliyyət göstərən “Turan” cəmiyyətinin təşəbbüsü ilə iyulun 28-dən 31-dək ölkənin Burqas bölgəsində “Əcdad günləri” adlı ənənəvi kütləvi tədbir keçirilib. 
   “Turan” cəmiyyəti Macarıstanda türk irsini, macar xalqının hun-türk mənşəli olması fikrini fəal təbliğ edir, bu sahədə tarixi adət-ənənələrin bərpasına çalışır. Bu təşəbbüs sayəsində macar cəmiyyətində xalqın hun-türk mənşəli olması fikrinin tərəfdarları ildən-ilə artır.
   Builki “Əcdad günləri” tədbiri də kütləviliyi ilə yadda qalıb. Burqas bölgəsindəki milli parkda qurulmuş əski türk yurdlarını - çadır şəhərciyini ziyarət edən minlərlə insan burada cıdır yarışlarına, qılınc döyüşünə, at belində güləşənlərin mübarizəsinə, çövkən oyununa tamaşa edib, müxtəlif xalq ansambllarının ifasında qədim musiqi nömrələri dinləyib. Burada həmçinin “Turan” cəmiyyətinin antropoloji muzeyinin səyyar sərgisi təşkil edilib, macar alimlərinin iştirakı ilə elmi konfrans keçirilib. Hun mətbəxinin nümunələri və qədim reseptlər əsasında hazırlanmış yeməklər də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   Budəfəki “Əcdad günləri” tədbirində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də iştirak edib. Digər türk ölkələri ilə bərabər Azərbaycanın da bayrağının qaldırıldığı mərkəzi meydanda iştirakçılar qarşısında çıxış edən səfir Azərbaycan və macar xalqlarının tarixi dostluğundan və mənəvi birliyindən bəhs edib.