Bakıda toplanan “Eurovision” mahnı müsabiqəsi məşvərət qrupunun üzvləri müsabiqənin yüksək səviyyədə keçəcəyinə əminliklərini bildiriblər
   
   Avqustun 31-i və sentyabrın 1-də Bakıda “Eurovision” mahnı müsabiqəsi məşvərət qrupunun ilk iclası keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, toplantıda məşvərət qrupunun üzvləri 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə hazırlıq prosesi ilə bağlı məlumatlandırılıblar. Həmçinin “Eurovision-2012” ilə əlaqədar indiyədək görülmüş işlər, təşkilati məsələlər müzakirə edilib.
   
   Məşvərət qrupunun üzvlərinə “Eurovision” mahnı müsabiqəsinin təşkili ilə əlaqədar İTV-nin təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilib. Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə həyata keçirdiyi böyük layihələrlə tanışlıqdan sonra məşvərət qrupunun üzvləri bu əməkdaşlığın “Eurovision” müsabiqəsinin uğurlu keçirilməsi üçün əhəmiyyətli olacağını bildiriblər.
   Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb: “Bu onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaqdır. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır”.
   “Eurovision TV”-nin direktoru Yorqan Frank Avropa Yayımları Birliyi (EBU) ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın “Eurovision” müsabiqəsi ilə bitməyəcəyini deyib. O, “Eurovision” mahnı müsabiqəsinin artıq 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu diqqətə çatdırıb. Qonaq vurğulayıb ki, müsabiqədə ev sahibi hər il bir yenilik edir: “Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırıb. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq”.
   “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və gələn il Bakıda keçiriləcək musiqi bayramının yaddaqalan şou olacağını bildiriblər.
   Məşvərət qrupunun üzvləri İTV-də şirkətin texniki imkanları ilə də tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə “Eurovision” mahnı müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər.
   Xatırladaq ki, “Eurovision-2012”-nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.
   
   “Eurovision” üçün “Bakı Kristal Zalı” inşa olunur
   
   Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra əməli tədbirlər həyata keçirir.
   Komitədən bildiriblər ki, müasir beynəlxalq standartlara uyğun olaraq kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə əlaqədar dövlət qurumlarının iştirakı ilə bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.
   Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində müxtəlif idman və mədəni məqsədlər üçün çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın Alpine Bau Deutchland AG şirkəti podratçı kimi seçilib. Bu il avqustun 2-də Alpine Bau Deutchland AG şirkəti ilə əsas müqavilə imzalanıb, kompleksin inşa ediləcəyi ərazi müəyyən olunub və tikinti üçün zəruri hazırlıq işlərinin aparılmasına başlanıb.
   Kompleks Dövlət Bayrağı Meydanı ərazisində inşa ediləcək. “Bakı Kristal Zalı” adlandırılan İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, tikinti işləri 8 ay ərzində başa çatmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.
   İşlərin gedişinə peşəkar texniki nəzarətçilər cəlb edilib.
   
   “Eurovision”un saytında Azərbaycan və Bakı haqqında məlumatlar yerləşdirilib
   
   Bu arada “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycan haqqında geniş məlumatlar yerləşdirilib. Əsas səhifədə ayrı-ayrılıqda Azərbaycan, Bakı, İctimai Teleradio haqqında və digər mövzularda məlumatlar yer alıb.
   Azərbaycan əhalisinin İslam dininə etiqad etdiyi bildirilən informasiyada Azərbaycanın iqtisadiyyatından və milli mətbəxindən də bəhs edilir. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanın iki hissəyə bölündüyü, 70 il ərzində rus imperiyasının əsarəti altında qaldığı və 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdiyi qeyd olunur.
   Bakı haqqında məlumatda isə paytaxtın tarixi mərkəzinin onun keçmişini nümayiş etdirdiyi yazılıb: “Köhnə şəhərdə məscidlər, tarixi binalar var, Şirvanşahlar və Qız Qalası UNESCO-nun dünya irsi siyahısına salınıb. Bakı həmçinin öz mədəniyyəti, yüksələn biznes sektoru ilə tanınır və “Eurovision-2012” müsabiqəsinə ev sahibliyi edəcək. Bakı Qafqazın ən böyük şəhəri və Azərbaycanın paytaxtıdır. Xəzər dənizinin Qərb sahilində yerləşən, çoxsaylı palçıq vulkanları və duzlu göllərin mövcud olduğu Bakının 3,7 milyon əhalisi var”.