Fransanın Strasburq şəhərində layihə üzrə işçi iclas keçiriləcək
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 6-dan 9-dək Zaqatalada “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının birgə dəstəyi ilə həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi üzrə ikinci seminar-treninq keçirilib.
   
   Ordubad, Qazax, Bərdə, Şəmkir, Göygöl, Zaqatala, Qax, Şəki, Quba, Lənkəran şəhərlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının ekspertlərinin birgə idarəçiliyi ilə baş tutub.
   Treninqdə Azərbaycan tərəfindən layihədə təmsil olunan on regionun nümayəndələrinə təmsil etdikləri şəhərlə bağlı formalaşdırılmış sənədlərin işlənilməsi qaydası izah olunub, tarixi şəhərlərdə mədəni irsin inkişafı ilə bağlı müzakirələr aparılıb. Tədbirdə Zaqatala, Qax, Şəki, Ordubad və Şəmkir rayonlarından nümayəndələrin hazırladıqları hesabat xarakterli sənədlər müsbət qiymətləndirilib.
   Tədbir çərçivəsində iştirakçılar Zaqatala və Qax rayonlarının icra hakimiyyətlərində görüşlər keçirib, Balakən rayonu Heydər Əliyev adına istirahət parkında, Zaqatala tarix-mədəniyyət qoruğunda, Car kəndində, Qax rayonunda bərpa edilmiş İçəri Bazar küçəsində, yenicə istifadəyə verilmiş turizm obyektlərində və İlisu Dövlət Tarix-mədəniyyət qoruğunda yaradılmış şəraitlə tanış olublar.
   Qeyd edək ki, sentyabrın 19-21-də Fransanın Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında “Tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi” üzrə işçi iclas keçiriləcək. Tədbirdə keçirilmiş treninqlərin nəticələri, ölkə üzrə layihənin icrası, 2012-ci il üçün fəaliyyət planının işlənilməsi müzakirə olunacaq. İclasda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulub.