Məktəblilərin Qala Arxeoloji Etnoqrafik Muzeyinə ekskursiyası
   
   Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd edilməsi ilə bağlı ölkə prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamına uyğun olaraq əlamətdar yubiley münasibətilə müxtəlif təşkilatlar tərəfindən tədbirlər keçirilir.
   
   “Kainat” Gənclik Mərkəzi də bu sənədin müddəalarına uyğun olaraq bir neçə maraqlı layihələr həyata keçirib. Bu günlərdə bir qrup aztəminatlı məktəblinin iştirakı ilə “Azərbaycan doğma diyarımdır” devizi altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə təşkil olunan ekskursiya da bu qəbildəndir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, “İtochu Oil Exploration” və “Azeri Design” şirkətləri ilə birgə təşkil olunan gəzinti-ekskursiyası 15 sentyabr - “Bilik günü” ərəfəsində gerçəkləşib.
   2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan, qədim keçmişimizin bir çox arxeoloji, mədəni və memarlıq abidələrini qoruyub saxlayan muzey kompleksinə məktəblilərin səfəri zəngin təəssüratla yadda qalıb.
   Ekskursiya zamanı məktəblilər həm istirahət edib, həm də biliklərini nümayiş etdiriblər, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Bundan başqa hər bir məktəbliyə “Bilik günü” münasibəti ilə hədiyyə dəsti təqdim olunub.