Bütün sahələrdə olduğu kimi, muğam və mahnı ifaçılığı sənətində də əbədi yadda qalmağın öz əzəli qaydaları, normaları var. Muğam həmişə ayıq, hər cür şoudan uzaq, təsadüfləri həndəvərinə qoymayan ilahi səltənətdir. İstəyirsən kasetlərin, disklərin, kliplərin düzü-dünyanı tutsun, şəklinin asılmadığı, adının-təxəllüsünün yazılmdağı tin-divar qalmasın, istəyirsən studiyalar daimi yaşayış ünvanına dönsün, ürəyində ürəklərə ötürüləsi bir şey yoxdursa, günəmuzd alqışlardan, keçərgi şöhrətdən savayı heç nə əmələ gətirə bilməyəcəksən. Bax, bu gün də təkcə pərəstişkarlarının yox, böyükdən-kiçiyə hamının ruhən qəbul etdiyi, azsaylı lent yazılarını dinlədikcə dinləmək istədiyimiz Yavər Kələntərli, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban  İsmayılova, Nəzakət Məmmədova kimi sənətkarları yada salanda bir daha əsl sənətin ölməzliyi haqqında düşünürsən.

Əsrlər boyu həyat tərzimizin İslam qanunlarına  qıpçanması səbəbindən, musiqi salnaməmizin xüsusən qadın ifaçılığı qanadı yaşca çox uzağa getmirsə belə, həmin sırada sanballı isimlər qərar tutub.
Nə yaxşı ki, ardı da gəlir. Sənət ölçü-biçisinə xələl gətirmədən, “Mənsuriyyə” zənguləsi tək zilə - Azərbaycan mədəniyyəti üfüqlərinə çəkilmiş, o uca adlara öz zamanımızdan bir çox adları məmnuniyyətlə ismarlaya bilərik. Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Qəndab Quliyeva... Musiqi aləmində davranışı, oxuduğu muğamlar, təsniflər qədər həzin olan, telekanallara lövbər salmadan xalqa xəfifliklə xidmətini göstərən, özündən çox sənətini göründürən Ruzə İbişovanın da onların arasında öz layiqli yeri, danılmaz mövqeyi var. Bu, bizim şəxsi fikrimiz deyil. Belə bir yüksək qiyməti verərkən, neçə-neçə ustad rəyinə, xiridar qənaətinə, geniş dinləyici auditoriyasının ona bəslədiyi dərin rəğbətə əsaslanırıq. Bütün müsbət fikirlərin arxasında isə Ruzə xanımın ifasında Azərbaycan radiosu və  televiziyasının fonduna daxi olmuş “Bayatı-şiraz”ı, “Mirzə-Hüseyn segah”ı, “Mahur-hindi”si, “Çahargah”ı, “Bayatı-kürd”ü, “Kəsmə-şikəstə”si, “Xaric segah”ı, “Heyratı”sı dayanır. Haqqında deyilənlərə, deyəcəklərimizə solist kimi çalışdığı Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə lentə köçürülən yüzə yaxın klassik musiqi əsəri  həyan durur.


Ruhə İbişovanın yaradıcılığı  barədə o sənətkarlar fikir bildiriblər ki, heç zaman hər ötərgi ifaya dil tərpətməyiblər, həmişə sənətə Tanrı mizan-tərəzisindən yanaşıblar. Xoş kəlmələrinə tuş gəlmək üçün Cabbar, Xan, Zülfi dərinliyinə boy verməlisən. Niyazi, Süleyman Ələsgərov, İslam Rzayev, Arif Babayev... Xalq artisti, əvəzsiz kaman ustası Habil Əliyev, Ruzə xanımın “Sevgili canan” romansını yüksək səviyyədə oxumasına sevindiyini, fərəhləndiyini bildirərək “gözəl sənəti var” - deyir... yarım əsrdən də çox bir vaxt ərzində eyni bir yerdə dərs vermiş, qənşərində yüzlərlə tələbə görmüş ustad yadında yalnız xüsusi istedadı ilə seçilənlər ən kiçik hadisələrə, cizgilərə qədər qala bilər. Ruzə İbişova kimi! Görün, Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almasından neçə illər keçib! Amma birinci kursa yaşı çatmadığına görə qəbul edildiyi hazırlıq sinfində Ruzənin ifasını dinləmiş və ansamblına dəvət etmiş xalq artisti Əlibaba Məmmədov bir yeniyetmə qızcığazın sənət başlanğıcını necə dəqiqliklə xatırlayır: “Ruzə xanım 15-16 yaşında mənim ansamblıma gəlib O, ilk addımlarını “Humayun”da atıb. Hələ o vaxtlar səsi mənim xoşuma gəlmişdi. Gözəl “Segah” oxuyurdu. “Haşım” pərdəsində “Segah”ı məharətlə təqdim edirdi. Mən də həvəslə qulaq asırdım”. Onlarla təsnifin müəllifi olan, sağlığında klassikləşmiş bir möhtəşəm xanəndəni ötən çağları anaraq bu kəlmələri deməyə və ürəyindən tikan çıxaran ifa eşidəndə işlətdiyi aforizmlə qoşalaşdırmağa yalnız əsl sənət məcbur edə bilər:
“Maşallah, Ruzə xanım indi sənətkar kimi yetişib. Görünən dağa nə bələdçi”...


Ruzə İbişova uzun illərdir ki, səhnədədir. Dəfələrlə radioda da oxuyub, televiziyada da. Azərbaycanın bütün guşələrində məclislər aparıb. Bir vaxtlar, indi MDB adlandırdığımız çox nəhəng məkanda - Rusiyada, Orta Asiyada qastrol səfərlərində olub, neçə-neçə şəhərin geniş salonlarında konsertlər verib. Aqşin Əlizadənin “Muğamvari” simfonik əsərini İsveç musiqiçisi Simon Comartinin dirijorluğu ilə ifa edib və deməli, xarici ölkələrlə də sənət ünsiyyəti bağlayıb... Lakin dinləyicisi kimi çoxlarının tanıdığı bu xanəndə barədə min nəfərin söylədiyi, söyləyəcəyi geniş cümlələr toplusundan respublikanın xalq artisti Canəli Əkbərovun peşəkar səviyyədə bildirdiyi bu yığcam fikir tarixə düşməyə daha yaxındır: “Ruzə İbişovanın ifaçılığında xüsusi bir incəlik, kolorit, naxışlı bədii obraz var. Onun səsindəki xırdalıqlar, zəngulələr istər-istəməz yadda qalır. Bu səs, necə deyərlər, adamı vurmur”.


Dünyasını nisgillər içində dəyişən ölməz yazıçımız Cəlil Məmmədquluzadə təkrar-təkrar bildirirdi ki, fərd kimi millətin də müəllimi olmalıdır. Hər sahədə!.. Ruzə İbişova hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyir. Təhsil aldığı Asəf Zeynallı adına Musiqi Məktəbi və Musiqi Akademiyasında Nəriman Əliyev, İslam Rzayev və başqa ustadlardan əxz etdiklərini tələbələrinə öyrədir. Amma  onun əlinə jurnal götürmədən girdiyi bir səyyari auditoriya da var: el şənlikləri. On ildir ki, ailə quran gənclərə Nizami, Xaqani, Nəsimi, Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Süleyman Rüstəm və Mirmehdi Seyidzadənin kəlamları ilə “Segah”, “Çahargah”, “Şur” üstündə xeyir-dua verərkən, ziyafət iştirakçılarına əməlli-başlı muğam dərsi keçir. Özünü adicə məclisdə əyləşmiş sadə insanların qarşısında yox, musiqimizin paklığı keşiyində karyerasının əvvəlindən axırına qədər sədaqətlə dayanmış böyük sənətkarların ruhunun hüzurunda hiss edir. Bayağı ara mahnılarının, xaricdə çoxdan unudulmuş “xarici” rəqs havalarının yada düşməsinə macal vermədən dəsgahlar oxuyur. Zəngin repertuarı ilə toyu əsl konsertə çevirir.


Şükürlər olsun ki, bu gün müstəqilliyimiz iqtisadiyyatımızla paralel mənəviyyatımızı da bərpa edir.  Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Televiziyasında mütəmadi keçirilən müsabiqələr, efirlərdə bu sahəyə geniş yer verilməsi çox fərəhli haldır. Lakin belə vacib işin daha effektli olması üçün yerlərdə də müəyyən işlər görülməlidir. Respublikamızda hər il evlənənlərin sayının iki misli qədər toy-nişan ziyafətləri keçirilir. Hamısı da, təbiidir ki, musiqi üstündə qurulur. Bu, zövqlərin tərbiyəsini sağa, sola döndərə bilən çox böyük faktordur. Üstəlik sivil, demokratik şərtlərə görə kənardan nəzarət etmək, təsir göstərmək mümkün deyil. İxtiyar tamamilə məclis sahibində olur... Ruzə İbişova sübuta yetirdi ki, bunun çarəsi var. Düzdür, başlanğıcda bəzən etirazlarla qarşıladı. Amma yolundan dönmədi, dəfələrlə verilmiş dayaz sifarişlərə məhəl qoymadı, mikrofonu götürəndən yerə qoyana qədər tarixin hər cür sınağından zədəsiz çıxmış xalq mahnılarımızı, təsniflərimizi ifa etdi. Ruzə xanım toylarımıza çoxdan yadırğanmış tarı, kamançanı qaytardı. Üzeyir Hacıbəyov,  Cahangir Cahangirov, Qəmbər Hüseynli, Süleyman Ələsgərov, Tofiq Quliyev, Hacı Xanməmmədov, Ramiz Mirişli kimi bəstəkarların ən mürəkkəb mahnılarını, romanslarını gətirdi.


Ruzə İbişovanın bütövlükdə ömür yoluna nəzər salmaq istəsək, deyəcəklərimizin çox hissəsi yenə sənətindən olacaq. Çünki həyatı barədə sual verəndə də, söhbəti yaradıcılığından qırağa çıxarmağı xoşlamır, “şok açıqlamalar” yapmır, bəziləri kimi özü barədə yalançı faciələr uydurmur. Həmişə qeyri-adi bir şükranlıqla danışır. Təvazökar şəxsiyyətini, fəaliyyətini təhlil edəndə, bu nəticəyə gəlmək olur ki, o, istedadlı bir Azərbaycan qızı kimi səhnəyə gəlib və bu gün bir ləyaqətli azərbaycanlı ananın duyğularını məlahətli səsi ilə dünyaya bəyan edir.

Arif FƏrzƏli,
şair-publisit