Aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalının təntənəli bağlanış mərasimi olub.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək aprelin 2-dən 8-dək davam etmiş festivalın əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycanın beynəlxalq mədəniyyət və incəsənət festivalları məkanına çevrildiyini xüsusi vurğulayan nazir müavini dahi bəstəkar Qara Qarayevin adını daşıyan festivalda 10-dan çox ölkənin musiqi qruplarının geniş konsert proqramları ilə çıxış etdiklərini bildirib. Konsert proqramlarına Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Fransa, Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın əsərləri daxil edilib. Onların sırasında gənc bəstəkarlar da yer alıb.
Beynəlxalq festivalın təntənəli bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayevdir.
Solist kimi isveçrəli violin ifaçısı Patrisia Kopatçinskaya çıxış edib. Konsertdə görkəmli Avstriya bəstəkarı Alban Berqin, Qara Qarayevin və Fərəc Qarayevin əsərləri səslənib.