Tam 40 ildir ki, Əli Kərim bu işıqlı dünya ilə vidalaşıb. Düz 40 ildir ki, Əli Kərimin bu dünya ilə cismən əlaqəsi yoxdur. Amma Azərbaycan poeziyası yaşadıqca Əli Kərim nəfəsi ədəbiyyatda, böyük sözün dairəsində xatırlanacaq. İllər keçdikcə qəbirlər itir, yaxud ən yaxın adamlar tərəfindən belə unudulur, dəmir çağlar paslanır, qəbirlərin ətrafını ot basır. Bu, sıradan bir insanın ölümündən sonrakı aqibətidir. Əli Kərimsə illər uzaqlaşdıqca bizə daha da yaxınlaşır. Müxtəlif şairlərin şeirlərini xoşlayıram, Əli Kərimin poeziyasısa, mənimçün bütövlikdə əzizdir. Bəlkə də, bu, düzgün deyil, bir fanatiklikdir. Çox güman ki, bu, Əli Kərim poeziyasına sonsuz sevgidən irəli gəlir. Universiteti bitirdikdən sonra qismət olsa “Əli Kərim lirikası” mövzusunda dissertasiya müdafiə etmək fikrindəyəm. Düşünürəm ki, onun haqqında az yazılıb. Ədəbiyyatşünasların, tənqidçilərin başı ya özlərinə qarışıb, ya klassiklərə. Bir də ki, vəzifə, mənsəb sahibi olan yazarlara.
   Əli Kərimin “İki sevgi”, “Qayıt”, “Daş”, “Qaytar ana borcunu” şeirləri oxucular tərəfindən daha çox sevirlər. Bu şeirləri çoxları əzbər bilir. Əli Kərimin özünün ən çox sevdiyi “Gəl, Azərim” şeiri olub.
   
   Səni yaxşı görmək üçün,
   Kədərimi bir daş kimi
   Qoymuşam ayağımın altına.
   Qalmışam boylana-boylana
   
   Əli Kərim şeirlərində oxucuya hər şeyi açıq-aşkar anlatmır, izah eləmir. Çalışır ki, oxucu özü başa düşsün. Bu vacib amilsə, poeziyanı bəsitlikdən uzaqlaşdırır, əsərin intellektuallıq səviyyəsini artırır. Şeirdəki təşbehə nəzər salaq, “Kədəri bir daş kimi qoymuşam, ayağımın altına”. Kifayət qədər sadə və inandırıcı, mübaliğəsiz və poetikdir. Əli Kərimin şeirlərindəki situasiyaları hamı başa düşür, fəqət hər kəs məişətdə onun fərqinə varmır. Oxucu həmin nəsnələr tanış olsa da, amma olduqca maraqlı görünür. Müasir oxucu şeirdə lakonikliyin tərəfdarıdır. Elə bu səbəbdən də yapon şeiri bu qədər sevilir. Əli Kərimin şeirlərinin çoxu həcmcə kiçikdir, amma mənalı və düşündürücüdür.
   Əli Kərimin şeirlərində bitkin bir süjet var. Hadisələr müəyyən zaman kəsiyində başlayır və bitir. Şeirlər eyni zamanda hekayə təsiri bağışlayır. Fikrimi bu məqamda “Gördüm heç doğulmamış” və “Qaytar ana borcunu” şeirləri təsdiqləyir. Birinci şeirdə şair (obraz) mənasız, dünyadan bixəbər ömür sürən qocaya baş vermiş hadisələrdən suallar verir və məlum olur ki, qocanın heç nədən xəbəri yoxdur. İkinci şeirsə oxuculara məlum olduğundan, özgə açıqlama veməyə lüzum yoxdur. Ə.Kərimin şeirdən nəsrə keçməsinin bir səbəbi şeirlərdəki süjetlə bağlıdır. Süjet-mətn olduqdan sonra şair nasirliyə can atır, artıq hadisə və obrazlar şeirə sığmır. Bütün bu amillər məhz Əli Kərimi “Pillələr” romanını yazmağa vadar etdi.
   Şairin şeirlərində təsvir olunmuş zaman anlayışı maraqlıdır. Bildiyimiz kimi, şeirdə zaman anlayışını göstərmək olduqca çətindir. Çünki şeir daha çox bir anın, qısa situasiyanın məhsuludur. Zaman anlayışı daha çox nəsr əsərlərinə xasdır. Amma Əli Kərim qısa şeirlərində təkcə zamanı deyil, həm də sivilizasiyaları şeirin “bətninə” ustalıqla sığışdırır:
   
   Daş çevrilib bir ox oldu,
   Oldu qılınc,
   güllə,
   mərmi.
   Dayanmadı fikir kimi.
   Atom oldu.
   
   Şeirin göstərilən hissəsində keçmiş, bu gün kimi zaman və cəmiyyətin faciəsinə gətirən silahın inkişaf etapları ardıcıl əks olunur. “Daş” şeiri, məncə, müharibə əleyhinə yazılmış pafossuz, amma ən təsirli şeirdir. Oxuduqca səsin tonu qaxmır, eyni ritmlə səslənir, sanki həzin bir musiqi dinləyirsən. İnsan ömrü də zaman məfhumu ilə sıx bağlıdır. Hər insanın keçmişi, indisi və gələcəyi olur. Əli Kərim insan ömrünün mərhələlərini “Uşaqlıq, gənclik, qocalıq” şeirində çox maraqlı şəkildə təsvir edib. Zaman konturu ustalıqla cızılıb, şeirdə “sərhədlər” itmir.
   
   Uşaqlıq, gənclik və o!
   Səsləri bir yüksəlsin:
   Ömrümüzün yolları
    ötüb keçməz qarışıq.
   Ayrılmaz üç qardaşıq!
   
   Ədəbiyyat tarixində o kəslər əbədiyyət səltənətinin sakini olur ki, yazdıqları ilə çoxlarından fərqlənirlər. Oxucu həmin yazarın əsərini oxuyanda qeyri-ixtiyari özü üçün yəqinləşdirir: “Bu, o deyil”. Məhz bu cəhət Əli Kərim yaradıcılığında var, onu kiməsə, bənzətmək olmur. Şairin lirikası başqa bir özəlliyi ilə çoxlarından seçilir. Ə.Kərim poeziyasında sevgiylə yanaşı, bir qürur var. Onun şeirlərində zarımaq, yalvarmaq yoxdur.
   
   Bu mən, bu o, bu da sən,
   De görək, nə deyirsən?!
   
   Azərbaycan ədəbiyyatından oxuduğum, bəlkə də, yeganə şeirdi ki, qadına məcbur etmə, yaxud yalvarış yox, sırf təklif var. Şeirdəki lirik qəhrəman qıza yalvarmır, öz sevgisini təklif edir, sonda yenə də ona seçim imkanı verir.
   Martyo Arnontun məşhur bir fikri var: “Ədəbiyyat həyatı oxumaqdı”. Əli Kərim poeziyasında çox insan öz həyatını oxuyur və oxuyacaq. Bu fikri elə Əli Kərimin yarımçıq qalmış bir qeydi daha səmimi şəkildə izah edir. ”O həmişə özünü şəkil çəkdirən adam kimi aparır”. Bu yarımçıq qalmış fikirlərin kimə ünvanladığını deyə bilmərəm, ancaq fikir özlüyündə çox maraqlıdır; əslində o, içəridən yıxılır, ancaq şəkil çəkdirən adam qamətini düz saxlayır. Kiməsə görə, nəyəsə görə...
   Əli Kərim poeziyası “bədii saxtakarlıq”dan, pafosdan uzaqdır. ƏLİ KƏRİM elə ƏLİ KƏRİMDİR. Məhz bu təmizlik onun simasının bu gün də bizə açıq görünməyinə kömək edir. Biz 40 ildir “Əli Kərimsizik”, ancaq Əli Kərim əbədi bizimlədir.
   
   Fərid Hüseyn







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar