Fərhad Mete
   
   
                    hekayə
   
   
   
   Məmləkəti ağrı bürümüşdü, bir qisim adamdan savayı, hamının ürəyi ağrıyırdı. Buna səbəb qonşu torpaqlardan bura basqı yapan yadellilərin bir ilxı atı oğurlaması idi. Heç bir vəchlə onlar atları qaytarmaq istəmirdilər, bəhanə edirdilər ki, guya aclıq olduğundan atları kəsib yeyiblər. Əhalinin ilxını qaytarmaq cəhdi bir neçə adamın döyülməsi ilə nəticələndi. Onlar taleyin hökmünə baş əyib bu ağrıya vərdiş elədilər. Daha həkimə də gedən olmadı, çünki həkimlər də ağrıyırdılar. Bu ağrı azmış kimi bir ağrı daha gəldi bu məzlum və yazıq camaata. Bu isə belə baş verdi.
   Şəhərin işıqlı və yaşıllığa qərq olmuş küçələrinin birində, öynə saatlarında faytonçunun kirşəsi nagahdan yolun düz ortasında, yerin altından daş döşəməni deşib çıxan ağ rəngli, nəhəng və sərt bir şeyə çırpıldı. Bu zaman kirşənin içində üç dost sərnişin vardı-müəllim, həkim və memar. Xoşbəxtlikdən ciddi xəsarət alan olmadı. Qoşqu atlarının hürkərək qəfildən dayanmasıyla araba fırlandı və bu sərt şeyə çırpılaraq yarasız hala düşdü. Faytonçu özünə gəlib:
   - Lənət şeytana, bu nədir belə?! - deyindi.
   Sonra sərnişinlər endilər. «Hər nədirsə, çox möhkəmdir, özüllü şeydir», - deyə memar bildirdi.
   - Bu dişdir, həm də ədam dişi, özü də çox itidir, - deyə həkim əlavə eləyib eynəyini çıxartdı.
   - Ola bilməz, bu buynuza daha çox oxşayır; - müəllim etiraz elədi.
   Həkim yaxınlaşıb qulağını söykədi:
   - Yox, dişdir, buna yüz faiz əmin ola bilərsiniz, ölgündür, içi də qurdludur, yaşlı adam dişinə daha çox oxşayır.
   Memar:
   - Yaşlı adam dişidirsə, bəs niyə belə itidir?
   Faytonçu:
   - Hər nə isə jandarmaya xəbər vermək lazımdır.
   Memar:
   - Ehtiyac yoxdur, onlar artıq buradadırlar.
   Jandarmalar sanki əvvəlcədən təlimatlandırılmışlar, qaçaraq olay yerinə gəldilər. Öyüngən hərəkətli, iriqarınlı, bəstəboy, əlində dərviş kəffarəsinə bənzəyən içi məzə dolu kağız torba gəzdirən pristav təngənəfəs özünü yetirdi. Pərtöv danışmağa vərdişkar olan bu adam marıtlayıb dişə baxdı və köməkçisinə:
   - A gədə, bu nədi belə?
   - ...
   - Ə, de görüm, şahid varmı?
   Müəllim pristav köməkçisinin məəttəl qalmasının çox çəkəcəyini görüb yoldaşlarını və hələ də özünə gələ bilməyən faytonçunu göstərdi:
   - Biz şahidik, dördümüz də.
   Pristav köməkçisinə:
   - Bunları apar, mirzəyə də de ifadələrini bir-bir yazsın, amma mən gəlincə buraxma.
   Camaat yavaş-yavaş dişin ətrafına toplaşdı. Üst-başının tozunu çırpan ortayaşlı, saqqallı, gözləri çuxurlanmış bir kəndli əlindəki beli tullayıb qışqırdı:
   - İlahi, sənə şükür, ürəyimin ağrısı azalır, deyəsən.
   Hətta yaşlı bir kişi «bu ürək ağrısını bizə unutduracaq, ay Allahın sevimli bəndələri, xudavəndi-aləm hər şeyi bağışlayandır» da dedi. Aradan bir az keçməmiş şəhərin başı əmmaməli, qulağı ağır eşidən axundu gəldi. O da diqqətlə baxıb «Allah işidir, qarışmaq olmaz, niyyətlərimiz yerinə yetər, inşaallah», - dedi. Ondan sonra elin ən böyük alimlərindən biri bu işdən xəbər tutdu və dişin ətrafında iki dəfə dövrə vurandan sonra «tarixən belə şeylər çox olub, həmişə də yurda ağrılar gətirib, onu məhv eləmək lazımdır, hələ ki, gec deyil», - dedi. Camaat ağrı sözünü eşidən kimi işə girişdi, lakin dişi dartıb çıxara bilmədilər. Basdırmağa da cəhd elədilər, amma ha torpaqladılar diş yuxarı qalxdı. Bir-iki nəfəri gecə jandarmalarla bərabər keşikçi qoyub camaat dağılışdı. Səhəri gün hamının dişi ağrımağa başladı və gündən-günə ağrılar çoxaldı. Əli hər şeydən üzülmüş əhali qurbanlar dedi Allaha, amma yenə də faydası olmadı, eşidib-bilənlər ora axışmağa başladılar. Diş sitayiş yerinə çevrildi, əhali qorxuya düşdü və məyus halda iki ağrıya birdən dözməyə məhkum oldu. Bu çarəsizliklə barışmayanlar yığılıb yenə alimə üz tutdular, alim isə ağrılara dözməyib ölmüşdü. Bu azmış kimi elin hər şeydən xəbərdar və işıqlı adamları bir-bir ölməyə başladılar, hər yer qaranlığa qərq oldu və hamı bir-birindən xəbərsiz olduğundan onları basdırmaq üçün toplaşa bilmədilər. Müxtəlif əcaib-qəraib səslər gəlməyə başladı hər tərəfdən. Qonşu torpaqların adamları gülməyə başladılar bu elin adamlarına güldülər. Oğurluqlar və özbaşınalıqlar hər yeri bürüdü. Uşaqlar məktəblərə, böyüklər isə bu işə getmədilər. Hər gün adamlar şam işığında pərişan halda bir-bir, iki-iki yığılırdılar dişin ətrafına və hər kəs çıxış yollarını müzakirə etmək əvəzinə, öz dərdini danışdı. Faytonçu və üç dost yenidən dişin yanında tapışdılar.
   Memar:
   - Ətraf məmləkətlərin başbilənlərini çağırmaq gərəkdir ki, bizə bir yol göstərsinlər, - dedi.
   Müəllim:
   - Yox, bu fayda verməz, məncə, bu işin öhdəsindən hamılıqla gəlmək lazımdır. Həkim, siz nə deyirsiniz?
   Həkim:
   - Razıyam, gücləri səfərbər etmək lazımdır. Görəsən, faytonçu nə fikirləşir?
   Faytonçu:
   - Mən bisavad, avam adamam, amma mənə elə gəlir ki, birinci bizdən oğurlanan
   atları qaytarmaq lazımdır, sonra bu lənətə gəlmiş diş özü çəkilib gedəcək.
   Doğrudan da, elə də oldu, dörd nəfərin aramsız çağırışları bəhrəsini verdi. İnsanlar hər tərəfdə böyük tonqallar yandırdılar və onlardan oğurlanan at ilxısını qaytarmaq üçün birləşdilər. Sayları çoxaldıqca hava yavaş-yavaş işıqlanmağa başladı. Baxıb gördülər ki, diş havanın işıqlanması ilə özü-özünə çəkilib gedir yerin altına. Onlar atları qaytardılar, üstəlik oğruları cəzalandırıb bir o qədər də at aldılar üstündə. Amma əhalinin diş ağrısı tam çəkilmədi, zəif də olsa, yenə sızıltı qaldı...







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar