Ot yerdə özünə bənzər otlar axtarır, ağaclar isə göy üzündə öz tənhalığını...
      
   11 fevral 2009. Yaddaşımdan silinməyəcək gün. Şiddətli, aramsız yağış yağırdı. Sıxıntılı, kədər dolu, illərin dərdini özündə yığıb saxlamış və sanki bir səbəb axtarırmış kimi hönkür-hönkür ağlayan yağış... Özüm-özümdən, cəhalət qanunlarından qurtulmaq üçün tənhalığı da özümə həmdəm seçib bozumtul şəhəri gəzməyə çıxdım. Nizami muzeyinin qarşısına çatarkən bilmirəm hardan düşdü yadıma Təhminə... Bəlkə də səbəb acı-acı ağlayan, üzücü kədər gətirən yağış idi, bəlkə də yağışa qarışmış göz yaşlarım, bəlkə də dünyanın ən dərdli sandığım insanı Təhminə idi... Bəlkələr... İçimdə hayqıran bu mənfi yüklü sıxıntıdan bir andaca qurtulmaq istəyirdim. Elə bu qarmaqarışıq düşüncələrin rəngsizliyində itib batarkən birdən məndən beşcə addım kənarda dayanmış maşın və o maşından düşən hündürboy, tv ekranlarından tanış bir sima diqqətimi cəlb etdi. Hə, hə o idi. Yazıçı Anar-Təhminənin allahı. Kədər dolu, lakin ətrafına sevinc püskürən bir qadının-Təhminənin taleyini yazıb sonda ona bu cəhalət cəmiyyətdə ölümü hədiyyə edən yazıçı Anar... Çoxlarının qınaq, tənqid hədəfi, əxlaq sərhədlərini aşmış bir qadın oldu o. Lakin əslində Təhminə yaşadığı cəmiyyətdə mənəvi aləmi ilə ən yüksəkdə duran obraz idi. Onun mənəvi zənginliyini əks etdirən elə bu kəlmələri qeyd etmək məncə kifayətdir: “Mənim barəmdə nə danışırlar, qoy danışsınlar, vecimə deyil. Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur-kim nə bilim nə dedi, kim nə bilim nə fikirləşdi”.
   Səkinin bir tərəfində o, o biri tərəfində mən gedirdim. Bayaq fikirlərimdə haradansa peyda olmuş Təhminə indi məndən 10-15 m uzaqda öz allahının qəlbində gedirdi. O an könlümdən müəllifə yaxınlaşıb: “Təhminəni niyə öldürdün? Axı nə vaxta qədər təhminələr məhv olub yalan dolu cəhalətlə pərdələnmiş cəmiyyətlər yaşayacaq?!” - deyə bağırmaq istədim. “Bəlkə də səni dərk etməyən cəmiyyətdən ən yüksək pillədə durduğunu ölümünlə sübut etdin. İndi sənə istəsələr də əlləri çatmayacaq... Çünki mələklər göylərdə olur”- sualıma elə özüm cavab verdim. Həyatda da belədir. Təhminə müəllifin, təhminələr isə onları yaradanın-Tanrının qəlbində həmişə yaşayırlar(bir az fəlsəfi alındı deyəsən).
   O, muzeyin tinindən dönüb gözdən itdi. Çox yəqin ki, kitab mağazasına daxil olmuşdu. Mənsə bir andaca bu düşüncələrdən, bu kədərdən, yağışdan azad olmaq istəyirdim. Hardan düşdün yadıma? Axı mən səni düşünməkçün yox, insanlardan qaçmaq üçün çıxmışdım bu gəzintiyə. Hə, bilirəm, ömrünün sonlarında sən də adamlardan qaçırdın, dostun isə içki olmuşdu. “Bəlkə dənizin sahilinə gedim, ürəkdən qışqırım, bağırım və bu pessimizmi elə dənizin sahilindəcə dalğalara qərq edib yeni günə başlayım?” - sualını özümə versəm də cavabım sualla oldu: “Onsuzda nə fərqi var, kədərinin sahilində deyilsən?” Addımlarımı Fəvvarələr Meydanı istiqamətində küçədə kitab satılan yerdə yavaşıtdım. Satışda olan yeni və köhnə kitablara göz gəzdirdim. “Gəlinlik paltarı” - Fənayə, bunu oxumuşam, bəlkə də Təhminənin kodları var bu əsərdə, ona görə çox sevirəm bu obrazı. Yox, məncə səbəb bu deyil, yenə cəmiyyət idi. Bu əsəri kitabxanadan alıb oxuyarkən kitabxanaçı qadın əsər haqqında: “Yaxşı əsərdi, indiki müasir, yüngül əxlaqlı qız haqqındadır” demişdi. Əsəri oxuyandan sonra isə təəssüratlarım fərqli olmuşdu. Axı Fənayə küçə əxlaqlı qız deyildi. Yenə, yenə Təhminə və onu dərk etməyən cəmiyyət. Çox gümanki, kitabxanaçının acığına sevmişdim bu əsəri. Aha, kitabların arasında yeni bir kitab “Sonuncu ölən ümidlərdir”. Nailə və İlqar, bunu da oxumuşam, pessimizm dağarcığı... Əsas kodlar burdadır, Nailə də Təhminəni çox sevirdi. Bu əsəri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinə daha çox oxşar görürəm. Orda Təhminə və Zaur, burda Nailə və İlqar, hər iki əsərdə oğlunu sevdiyi qızdan ayırıb ailələrinə uyğun qızla evləndirən valideynlər. Bal aylarında Zauru Afrikadan, İlqarı Rusiyadan özünə maqnit kimi çəkən əsl məhəbbətləri və s. Bəlkə də belə deyil, bu mənim baxış prizmalarımdan irəli gəlir. Bəlkə də Təhminənin yaşadığı cəmiyyətin qalıqları hələ də yaşayır, yaşayırsa demək təhminələrə də ehtiyac var.
   Yağış hələ də yağırdı. Birdən mənə elə gəldi ki, yağan yağış deyil, Təhminə göylərdən zaurlara, ilqarlara, harislərə, zivərlərə, dadaşlara, spartaklara və s.-lərə baxıb ağlayır. Qəribədir, bu vaxtadək əsəri niyə almamışam? Satıcıya: “Mənə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabını verin”. İndi o yolun o tayında yox, mənimlə birgə idi. O, indi mənim ideyalarımda, arzularımda idi. Arabir küləyin üzümə vurduğu soyuq yağış damlaları bayaqkı qədər mənə kədər gətirmirdi. Çünki mən tək deyildim. Təhminə də mənimlə idi. Deyəsən, yavaş-yavaş günəş də görünürdü. Yağış da daha yağmırdı...
   
   Yeganə CANSAİL,
   ADMİU-nun tələbəsi






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar