Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində cəbhə bölgələrində və sərhədyanı rayonlarda konsert proqramları təşkil olunacaq. Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun verdiyi məlumata görə, bölgələrdə belə mədəni-kütləvi tədbirlərin təşkili cəbhə zonasında yaşayan əhalinin respublikanın mədəni həyatında yaxından iştirakının, onların asudə vaxtının səmərəli təşkilinin təmin olunması məqsədi daşıyır.
   Konsert proqramları iyunun 20-də Ağdam, 21-də isə Bərdə rayonunda təşkil olunacaq. Konsertdə Xalq artisti Canəli Əkbərov, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, estrada müğənnisi Nəzakət Məmmədova, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solisti Rövşən Əziz, “Azəri-star” və “Xalq ulduzu” müsabiqələrinin iştirakçıları vətənpərvərlik mövzusunda mahnılar ifa edəcəklər. Qiraət ustası Əməkdar artist Azad Şükürovun ifasında şeirlər səslənəcək, Xalq artisti Cəmilə Bayramova və rəqqas Ceyhun İbadov milli rəqslərimizi təqdim edəcəklər.