İtalyan kinoaktyoru və rejissoru Alberto Sordi çəkildiyi filmlərdə soydaşlarının xarakterik cizgilərini göstərməklə dünya şöhrəti qazanıb. Əsasən komik və tragikomik rolları ifa etməklə aktyor yaşadığı cəmiyyətin müxtəlif təbəqələrinin bütöv bir portretlər qalereyasını yaradıb. Sordinin oynadığı mənfi qəhrəmanlar sırasında xırda fırıldaqçılar, karyeristlər, polis və məmurlar, don juanlar, sevilən və aldadılan kişilər, mafiozlar və səfeh adamları görmək olar. Onlar XX əsr İtaliyanın katolik, kiçik burjua, riyakar və tamahkar tipləridir. Sordi bu mürəkkəb xarakterli, aciz və gülməli varlıqları böyük ustalıqla və inandırıcı şəkildə təsvir edib.
Alberto Sordi 1919-cu il iyunun 15-də Roma şəhərində doğulub. Ailədə incəsənət sahəsində çalışan yeganə adam atası Pyetro Sordi olub. O, şəhər bələdiyyə orkestrinin solisti idi.
Sordinin bacısı Sabina söyləyirdi: «Alberto çox zirək və nəvazişli uşaq, eyni zamanda böyük komediant idi. Mən onu zorla məktəbə aparırdım. Qardaşım ora çatanda özünü hamıdan yaxşı, birinci şagird kimi göstərmək məqsədilə irəliyə soxulurdu. Alberto beş yaşında ikən, Rinaldo adlı bir fotoqrafçı «İtaliyanın ən gözəl uşaqları» devizi altında müsabiqə keçirirdi. Alberto həmin müsabiqənin qalibi oldu. Ailə onun qələbəsi ilə fəxr edirdi. Sonra Albertonun fotoşəkli xeyli müddət «İtaliya» kinoteatrının vitrinində asılmışdı. Qürur hissi keçirən ailə üzvləri, mükafat olaraq ilboyu biletsiz kinofilmlərə baxa bilirdilər».
Alberto kiçik yaşlarından professor Parodinin rəhbərlik etdiyi kukla teatrında çıxış etməyə başladı. O, həftədə bir dəfə tamaşa göstərmək, teatrın truppasında iştirak etməkdən çox məmnun qalırdı. Lakin məhəllə kilsəsindəki çıxışlardan Alberto daha çox zövq alırdı. Səkkiz yaşı olmasına baxmayaraq, o, pasxaya gedir, xorda oxuyurdu. Dindar anası oğlundan çox razı qalırdı. Lakin yeniyetmə Albertonu daha çox kino cəlb edirdi. Onun ən böyük arzusu kino ulduzu olmaq, ekranda əsl sinyor obrazını yaratmaq və filmlərin baş qəhrəmanlarının rollarını oynamaq idi.
Alberto Sordi səhnə savadı almaq üçün 1936-cı ildə Milana gedir. Bu da təsadüfi deyildi. Milan o zaman əyləncələr mərkəzi sayılırdı. Sordi musiqili komediya teatrının truppasına üzv olmağa çalışırdı. Kino aləminə qatılmaq üçün bu, yaxşı tramplin hesab edilirdi.
A.Sordi 1937-ci ildən başlayaraq bir neçə kinofilmdə kiçik, epizodik rollara çəkilmək üçün dəvət alırdı. Onun ilk böyük rolu isə «Üç qartal balası» (1942) filmində oldu. Albertonun kinoda işləri «Covanni Episkopunun cinayəti» (1947), «Toto və Roma kralları» (1951) filmlərində davam etdi.
Rejissor Federiko Fellini Sordinin təbii istedadını görüb, onu «Ağ şeyx» (1952) filmində baş rola çəkdi. Burada Alberto özünəgüvənən, sadəlöhv, həvəskar aktyorun rolunu oynayıb. Fellininin sonrakı filmi «Ana oğulları»nda (1953) Sordi xəyalpərəst, özünəvurğun və bacarıqsız Alberto adlı bir oğlanın obrazını ifa edib. Bundan sonra Sordi «Subay kimi» (1955) filmində baş rola çəkilib.
Sordinin oynadığı komik qəhrəmanların mənasız və məqsədsiz hərəkətləri, həmçinin xasiyyətlərində uyğunlaşmayan ekspansivlik və ölüvaylıq aydın görünür.
Aktyorun yaradıcılığında rejissor Luidci Komençininin «Hamı öz evinə getsin» və Mario Moniçellinin «Böyük müharibə» (hər ikisi 1960-cı ildə) filmləri əhəmiyyətli rol oynayıb. Hər iki ekran əsərində müharibə və antifaşizm mövzusu verilib. L.Komençininin «Hamı öz evinə getsin» filmində Sordinin oynadığı leytenant İnnorenti rolu onun geniş yaradıcılıq imkanlarına malik olduğunu bir daha sübut edib. Sovet tamaşaçılarının yaddaşında qalan leytenant İnnorenti obrazı Sordiyə böyük uğur gətirib. Bu film 1961-ci ildə III Beynəlxalq Moskva kinofestivalında Qızıl mükafata layiq görülmüşdü.
Bundan sonra Alberto Sordi rejissor Vittorio De Sikanın çəkdiyi «Dəhşətli mühakimə» (1961) və «Bum» (1963) filmlərində ən maraqlı tragikomik rollarını oynayıb. Aktyorun uğurlu işlərində rejissor Dino Rizinin «Ağır həyat» (1961, sovet prokatında «Romalı jurnalist» adlanır) filmində oynadığı baş rolu da qeyd etmək vacibdir.
60-cı illərdən başlayaraq İtaliya kinosunda komediyalar ön plana çəkilir. Komik aktyorlara filmlərə çəkilmək üçün çox əlverişli şərait yaranır. Bu sahədə layiqincə ön cərgədə dayanan Sordi, kinematoqrafda «zəmanəsinin qəhrəmanlarının» bir silsilə satirik portretlərini yaratmağa nail olur. Sosioloji cəhətdən kəskin komediya hesab edilən «Vidjivanolu müəllim» (1963, rej. Elio Petri) filmi italyan cəmiyyətinin gurultulu dövrünü, «istehlakçılar cəmiyyətini» təsvir edir. Əyalət müəllimi Antonio Mombellinin obrazını oynayan Sordi aktyorluq məharəti ilə qəhrəmanın xasiyyətini və onun daxili faciəsini, bütün psixoloji nüansları tamaşaçıya çatdırır. Əgər Sordinin digər personajları kəskin satirikdirsə, müəllim Mombelli aciz, tragikomik və təsirli personajdır. Bu baxımdan yuxarıda qeyd edilən rejissor Dino Rizinin «Romalı jurnalist» ekran əsərindəki Sordinin ifa etdiyi jurnalist Silvio Manyotti surətini də qeyd etmək vacibdir. Bu komediyanın qəhrəmanı zəif iradəli və bacarıqsız adamdır. Onun həyatda bəxti gətirməyib. Lakin o gəncliyində müqavimət hərəkatında vuruşduğu üçün qəlbindəki şəxsi ləyaqət hissləri hələ də sönməyib. Bu, aktyorun tragikomik personajları sırasında yaratdığı ən parlaq obrazdır. Sordi çəkildiyi komediyalarda satiranın dili ilə ölkədəki ictimai həyatın çox ciddi və aktual problemlərindən danışır. Elə ona görə də Sordinin filmləri geniş rezonansa malikdir.
Alberto Sordi çəkildiyi filmlərdən doqquzunun quruluşçu rejissoru, bir neçəsinin də Rudolfo Soneqo ilə şərikli ssenari müəllifi olub.
İstedadlı aktyorun quruluş verdiyi filmlər bunlardır; «London dumanı» (1965), «Bağışlayın, siz lehinə, yoxsa əleyhinəsiz?» (1966), «İtaliyalı Amerikada» (1967), «Məhəbbətim mənim, kömək et mənə» (1969), «Ölüm alverçiləri» (1974), «Ümumi abır-həya hissləri» (1976), «Mən və Katerina» (1980), «Bilirəm ki, sən bilirsən» və «Atam ilə səyahət» (hər ikisi 1982-ci il)...
Alberto Sordi «İtaliyalı Amerikada» filmində xeyli vaxt düşündüyü bir məsələni həll edib. O, sadə italiyalının gözü ilə Amerikanın əsl simasını göstərə bilib. Bundan əvvəlki «Amerikalı Romada» filmində Sordi Amerikanın həyat tərzini və modasını kor-koranə özü üçün nümunə göstərən italyanları tənqid edib. Sonrakı filmində isə rejissor filmin qəhrəmanı - gənc italiyalı, benzindoldurma stansiyasında işləyən sadəlövh Cüzeppe Marottini Birləşmiş Ştatlara keçirdir. O, burada, çoxdan ayrıldığı, indi guya milyoner olmuş atası ilə görüşməyə tələsir. Lakin onun arzuları çox tez puç olur. Əslində, Cüzeppenin atası fırıldaqçının biridir. Onun borclarını oğlundan döyə-döyə alırlar. Zavallı Cüzeppenin İtaliyaya qayıtmağa pulu qalmır. O, Birləşmiş Ştatlarda yaşamağa və benzindoldurma stansiyasında işini davam etdirməyə məcbur olur.
«Məhəbbətim mənim, kömək et mənə» filmində bir nikahın pozulmasından danışılır. Sordinin tərəf-müqabili Monika Vitti ilə birlikdə çəkilmiş bu ekran əsərini italyan kinosevərləri rəğbətlə qarşıladılar.
Sordinin böyük əməksevərliyi sayəsində otuz il ərzində 112 filmə çəkilməsi onun qeyri-adi istedadının parlamasına kömək etmiş olub. Dünya kinosunun korifeylərindən sayılan Sordinin yüksək insani ləyaqətə malik olması zəhmətkeş aktyora sənətsevərlərin məhəbbətini və ehtiramını qazandırıb. O, 1959-cu ildə Beynəlxalq Venesiya, 1972-ci ildə isə Beynəlxalq Berlin kinofestivallarının «Aktyor» nominasiyasının laureatı olub. Həmçinin Sordi 1983-cü ildə kino sənətində göstərdiyi xidmətlərə görə Beynəlxalq Moskva kinofestivalının xüsusi mükafatı ilə təltif olunub.
Sənət fədaisi, görkəmli aktyor və rejissor Alberto Sordi 2003-cü il fevralın 25-də vəfat edib.
Həsən Tağıyev