Uşaqlar bizim gələcəyimizdir və gələcəyimizin savadlı, təhsilli olmasında mədəniyyət ocaqlarının əvəzsiz yeri var. F.Köçərli adına Respublika Uşaq Kitabxanası da bir mədəniyyət ocağı kimi uşaqların maariflənməsində, bilgilənməsində mühüm rol oynayır.
Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də o vaxtkı Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılıb. Kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin adını daşıyır.
Kitabxana direktorunun müavini Zahirə Dadaşova bildirdi ki, kitabxanamız bir maarif ocağı kimi çalışır ki, oxucularına qayğı ilə yanaşsın. Beynəlxalq uşaq kitabı gününü (2 aprel) hər il kitab festivalı və milli uşaq kitabı sərgisi ilə qeyd etmək bizim üçün ənənə halını alıb. Bu il əlamətdar gün ilə əlaqədar kitabxanamız ilin əvvəlindən “Kitabın göy qurşağı” adlı müsabiqə elan etdi. İştirakçılar sevimli nağıl qəhrəmanlarının fiqurlarını düzəltməli, yaxud xoşladıqları kitaba illüstrasiyalar çəkməli idilər. Aprelin 14-də müsabiqə başa çatdı və qaliblərə hədiyyələr təqdim olundu.
1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə kitabxana Nəsimi rayonundakı 46 saylı məktəbdənkənar tərbiyə mərkəzi ilə birgə tədbir keçirib. Mərkəzin həyətində “Dünyanı verək uşaqlara” adlı kitab sərgisi təşkil edilmişdi. Sərgilər “Məktəb proqramına kömək”, “Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Azərbaycan yurdum mənim”, “Biri var idi, biri yox idi” kimi mövzular üzrə təşkil olunmuşdu.
Direktor müavini bildirdi ki, kitabxananın keçirdiyi bu tədbirlər uşaqların mütaliəyə həvəsini daha da yüksəldir. Hazırda kitabxananın 249 min 834 nüsxə kitab fondu, 17 mindən çox oxucusu var. Kitabxananın elektron versiyası oxuculara istədiyi nəşri tez bir zamanda əldə etməyə imkan yaradır.
Aysel Süleymanova,
Bakı Qızlar Universitetinin jurnalistika fakültəsinin məzunu